Peşəkar milli teatrımız 149 yaşını qeyd etdi


Martın 10-da Azərbaycan peşəkar milli teatrının 149 yaşı tamam oldu. 1873-cü ilin bu günündə Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, gələcəyin böyük dramaturqu Nəcəf bəy Vəzirovun, aktyor Əsgər ağa Adıgözəlovun və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə təməli qoyulan peşəkar Azərbaycan teatrı bu illər ərzində zəngin inkişaf yolu keçib.

Ötən illərdə əsasən teatr ictimaiyyəti tərəfindən bir sənət bayramı kimi qeyd olunan 10 mart – Milli Teatr Günü Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla təqvimimizdə daha böyük ictimai mahiyyət, mədəni dəyər qazandı.

Təəssüf ki, 2020-ci ilin əvvəlindən dünyanı cənginə alan pandemiya ötən iki 10 martı məhz bayram kimi qeyd etməyə imkan verməmişdi. Təxminən ilyarımdan artıq müddətdə teatr öz səhnəsindən və tamaşaçı ilə canlı ünsiyyətdən uzaq düşdü. 2021-ci ilin oktyabrından xüsusi karantin rejimində yumşalma ilə teatr sənəti də tədricən öz məcrasına qayıtmağa başladı. Teatr sənət kimi məhz sənətsevərlə bilavasitə üz-üzə, tamaşaçı ilə canlı ünsiyyətdə yaşayır, nəfəs alır. Onu başqa sənətlərdən fərqləndirən bir mühüm cəhət də budur.

Pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qalxmasından sonra, nəhayət, teatrlarımız peşə bayramlarını ənənəvi qaydada qeyd etməyin sevincini yaşayırlar. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibətilə paytaxtda həyata keçirilən “Hər yerdə teatr” layihəsi də bunun bir ifadəsidir. Layihə ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliği məqsədi daşıyır.

Baş prodüseri Zaur Mirzəzadə olan layihənin əsas tərəfdaşları Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), “Gənclik Mall” və “Bakı Metropoliteni” QSC-dir.

Layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metro stansiyasında və “Gənclik Mall” ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” stansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən qatarın içində və “Gənclik Mall”da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı ab-havası yaradıb.

Tədbirdə Akademik Musiqili Teatrın repertuarındakı “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun aktyor ixtisası üzrə II kurs tələbələrinin ifasında səhnəcik göstərilib.

“Hər yerdə teatr” layihəsi sosial şəbəkələrin milli seqmentində də geniş rezonans doğurub, #həryerdəteatr və #MilliTeatrGünü həştəqləri ilə çoxlu paylaşımlar edilib.

Azərbaycan teatr ictimaiyyəti ikiillik aradan sonra, nəhayət, peşə bayramını kütləvi tamaşaçı ilə üz-üzə – təkcə səhnədə, tamaşalar, premyeralarla deyil, belə maraqlı təqdimatlar, fləşmoblarla da qeyd edir. Sənət yaşayır – onu yaşadanların, onu sevənlərin sayəsində...

Lalə