Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə 2-7 mart tarixində Bakıda ilk dəfə “Teatr baharı” adlı Müstəqil teatrlar festivalı keçirilib.
Festivalın məqsədi ölkəmizdə teatr mühitinin yeni adlar və formalarla daha da zənginləşdirilməsi, səhnə sənətinin gənclər arasında populyarlığının artırılması, onların yaradıcılığının stimullaşdırılması idi.
Ümumilikdə 10 müstəqil teatr və teatr-studiyasının təmsil olunduğu sənət bayramında sənətsevərlər R.Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində maraqlı, yeni üslub və formalarda hazırlanmış nümunələri izləmək imkanı qazandılar.
Festivalın proqramında 11 tamaşa – “Laçın” teatr-studiyasının “Arzular bağı”, “M. Teatr”ın “Məsəl ya?...”, “ŞahMat” teatrının “Üstdəki dərinliklər”, “Səhnə” teatrının “Bir dəfə Qarabağda”, “Zəfər” teatr-studiyasının “Divok”, “Roskolnikov”, “Teatral” studiyanın “Pələng”, “Human” teatrının “Mənim”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin təqdimatında “Karnaval”, “Cosmo” teatrının “Axır ki, bitdi...” və “Tenda” teatrının “İllüziyaçılar” tamaşaları yer almışdı.