Xəbər verdiyimiz kimi, Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında İsi Məlikzadənin “Gəl, qohum olaq” əsəri əsasında tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovdur.

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində tamaşaya daxili baxış keçirilib. RMİ-nin rəisi Səxavət Məmmədov çıxış edərək aktyor heyətinin düzgün seçildiyini bildirib. O, eyni zamanda səhnə dekorasiyasında olan bir sıra çatışmazlıqları diqqətə çatdırıb.

Rayon Mədəniyyət Mərkəzinin direktoru Xalid Zamanov əməkdaşların Valeh Kərimov kimi sənətkarla eyni səhnədə uğurla çıxış etməsindən razılığını bildirib.

Sonda Xalq artisti Valeh Kərimov yaradılan şəraitə görə regional idarənin rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Gəl, qohum olaq” tamaşası 7-9 mart tarixində Ucar, Ağdaş və Zərdab rayonlarında nümayiş olunub.

N.Məmmədli