Lənkəran Dövlət Dram Teatrının truppası martın 8-də Salyan və Neftçala rayonlarında qastrol səfərində olub. Kollektiv repertuara yeni daxil edilən “Haqqın 44 günü” tamaşasını yerli sənətsevərlərə təqdim edib.

Teatrın baş rejissoru Anar Babalının müəllifi olduğu və quruluş verdiyi səhnə əsəri “Şuşa İli”nin tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış Zəfərin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada xalqımızın igid oğullarının göstərdiyi şücaət obrazlı şəkildə əksini tapıb. Tamaşada həmçinin Birinci Qarabağ müharibəsində baş verən hadisələr, müharibələrin insanların taleyinə təsiri və ağrı-acılarından bəhs olunur.

Səhnə əsəri Salyan və Neftçalada böyük maraq doğurub, tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın gənc aktyorları Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü” tamaşasının “Şuşa İli” çərçivəsində digər bölgələrdə də nümayişi nəzərdə tutulub.

N.Məmmədli