Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet resursu – shusha.gov.az saytının təqdimatı keçirilib. İdarədən verilən xəbərə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi təqdimatda qoruğun rəhbəri Məftun Abbasov sayt barədə məlumat verib.

Qeyd olunub ki, “Şuşa İli” elan olunan 2022-ci ildə şəhər bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək. Bu baxımdan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin saytının istifadəyə verilməsi şəhərə gələn qonaqlar üçün də faydalı olacaq. Saytda şəhərin tarixi haqqında, görülməli yerləri, tarixi şəxsiyyətləri barəsində məlumatlar yer alıb, şəhərin tanınmış yerləri – Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Vaqifin muzey-məqbərəsi kompleksi, dahi Bülbülün Ev-Muzeyi və digər binalar haqqında məlumatlar əks olunub. Həmçinin saytda Şuşa şəhəri ilə bağlı ən son xəbər və yeniliklər təqdim olunur.

Sayt üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. “Əlaqə” bölməsi vasitəsilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxlamaq və elektron müraciət etmək mümkündür.

Təqdimatın sonunda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına xidməti vəsiqələr təqdim olunub.