Qazaxıstan paytaxtında yerləşən Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Türk inteqrasiyası – 30” adlı kitabın təqdimatı keçirilib.

Onlayn formatda təşkil edilən tədbirə qatılan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 30 ilə yaxın regionda baş vermiş siyasi hadisələrdən, türk xalqları arasında mədəni-humanitar əməkdaşlıqdan danışıb.

Bildirib ki, günümüzdə Türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər var. Bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu nəticələrlə bağlı çox yazılıb, ancaq həlli yolları göstərilməyib. Vurğulanıb ki, 2021-ci ilin noyabrında elan olunmuş Türk Dövlətləri Birliyi çağdaş tariximizin çox önəmli hadisəsidir. Bu ulu yolda Türküstan piri Əhməd Yəsəvinin dediyi kimi, türkçülük – qədərimiz, din – seçimimiz, insanlıq isə vəzifəmizdir. Şübhə etmirik ki, yaxın zamanlarda türk birliyi tam gerçəkliyə çevriləcək və türk milləti yenidən dünyada ədalətin, əxlaqın, bir sözlə, insanlığın carçısı olacaqdır...

Q.Paşayeva türk xalqlarının tarixi birliyi, müstəqil türk respublikaları arasında sosial-mədəni işbirliyinin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma ortamında türk dövlətlərinin müstəqil dövlətçiliyinin təmin olunması kimi məsələlərə toxunub.

Komitə sədri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə, akademiyanın kollektivinə “Türk inteqrasiyası –30” kitabının ərsəyə gəlməsinə görə təşəkkür edib, həmçinin kitabda onun da məqaləsinin dərc olunduğuna görə minnətdarlığını bildirib, qarşıdan gələn Novruz bayramı münasibətilə bütün iştirakçıları təbrik edib.