“İraq-türkman poeziya antologiyası”nın təqdimatı olub


Martın 14-də Milli Kitabxanada görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq-türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsi ilə birgə təşkil edilən tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Qəzənfər Paşayevin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, təqdimatı keçirilən “İraq-türkman poeziya antologiyası” alimin gərgin əməyinin nəticəsidir. Qəzənfər Paşayev yazdığı kitablarla İraq türkmanlarını Azərbaycan xalqı ilə daha da yaxınlaşdırır: “İnanıram ki, çağdaş İraq-türkman şairlərinin poeziya örnəklərini əhatə edən ikicildlik azərbaycanlı poeziyasevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaq...”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Qəzənfər Paşayevə kitabın ərsəyə gəlməsinə, eləcə də ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Qəzənfər müəllimin kitabları milli şüurumuzun, düşüncəmizin formalaşmasında mühüm rol oynayır. Bu kitablar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox dəyərlidir.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı qeyd edib ki, Qəzənfər müəllim ömrünü ədəbiyyatşünaslığın bu sahəsinə həsr edib, Kərkük ədəbiyyatına dair neçə-neçə kitabların müəllifidir. Vurğulayıb ki, təqdimatı keçirilən kitab iraqlı qardaşlarımız arasında körpü rolunu oynayır.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, Azərbaycan-İraq əlaqələrinə dair çox yazılıb, lakin ədəbiyyatımızda “kərküklər kimdir” anlayışını məhz Qəzənfər Paşayev tədqiq edib və bu haqda çoxsaylı kitabların müəllifidir. “İraq-türkman poeziya antologiyası” da ədəbiyyatşünaslar üçün bir qaynaqdır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib: “Qəzənfər Paşayev İraq-türkman şairlərinin şeirləri ilə bizi tanış edib. Onun məhz belə bir mövzuya diqqət yetirməsi, kitablar yazması ədəbiyyatşünas tədqiqatçılar üçün qiymətlidir...”.

Kitabın müqəddiməsinin müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək belə bir tədbiri təşkil etdiyinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanda İraq türkmanlarının tanıdılması bilavasitə Qəzənfər Paşayevin adı ilə bağlıdır. Bu antologiya alimin ürəkdən bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsidir. Antologiya İraq-türkman poeziyasının keçdiyi inkişaf yolunu göstərir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi və digər çıxış edənlər kitab və müəllifi barədə fikirlərini bölüşüblər.

Qəzənfər Paşayev tədbirin iştirakçılarına və kitabın nəşrində əməyi keçənlərə təşəkkür edib.

Sonda iştirakçılar professor Qəzənfər Paşayevin Milli Kitabxananın fondunda olan kitablarının sərgisi ilə tanış olublar.