Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Abşeron rayon Mədəniyyət Mərkəzində “Dayanıqlı moda: tekstilin gələcəyi” adlı sərgi açılıb. Sərgi Abşeron Rayon İcra Hakimiyyəti, Xırdalan Şəhər Bələdiyyəsi və İsveçin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Sumqayıt RMİ ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir.

Martın 11-də sərginin açılış mərasimində ilk olaraq tədbir iştirakçıları Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər onbirillik Musiqi məktəbi şagirdlərinin ifasında “Qarabağ şikəstəsi” zərbi muğamını dinlədilər. Sonra açılışı bildirən rəmzi lent kəsildi.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək layihənin əhəmiyyətini diqqətə çatdırdı.

Bildirdi ki, rayonun 15 orta məktəbindən şagirdlər sərgini ziyarət üçün dəvət olunacaq.

İsveçin ölkəmizdəki səfiri Kristian Kamill sərginin İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlandığını bildirdi: “Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir. Sərgidə eyni zamanda İsveç və Azərbaycanın moda sahəsində ekoloji sənətkarlıq və tekstil istehsalı, habelə ənənəvi və dayanıqlı qadın sənətkarlığı ilə bağlı yeni bədii və kurator düşüncələri təqdim edilir”.

Səfir sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev tabe mədəniyyət müəssisələrində belə tədbirlərin təşkil edilməsində maraqlı olduqlarını söylədi. Bildirdi ki, regional idarənin tabeliyindəki 7 incəsənət məktəbində 193 şagird rəssamlıq üzrə təhsil alır. Klub və mədəniyyət müəssisələrində isə 20-yə yaxın dərnək mövcuddur: “Bu dərnəklərdə rəssamlıq sənətinin sirləri gənc nəslə öyrədilir. Bundan əlavə, idarənin əhatə etdiyi mədəniyyət müəssisələrində ötən il 33 əhatəli sərgi, 6 ustad dərsi təşkil edilib. Ümid edirəm ki, bu cür tədbirlər Xırdalan şəhərinin mədəni həyatına öz töhfəsini verəcək”.

Daha sonra çıxış edən sərginin kuratoru Könül Rəfiyeva layihə haqqında danışdı. Dedi ki, Xırdalan sakinlərinin istifadə edilməyən parçalardan hazırladığı quramalar ölkəmizdə təbii və ekoloji cəhətdən təmiz tekstilin gələcəyinə dair yaradıcı baxışları əks etdirir. Kurator həmçinin sərgidə qonaq rəssamlar Lyudmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərlərinin də nümayiş olunduğunu diqqətə çatdırdı: “Rəssamlar multimedia dialoqu ilə iki fərqli görünüşdə moda, tekstil və ekologiya mövzusunda perspektiv təqdim edərək qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışıblar”.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgi daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüsləri əks etdirir. “Dayanıqlı moda: tekstilin gələcəyi” sərgisi aprelin 11-dək açıq olacaq.

Nurəddin