Mədəniyyət paytaxtımız Şuşanın yetirdiyi görkəmli şəxsiyyətləri tanıtmaqda davam edirik. Bu dəfə XX yüzilliyin əvvəllərində Azərbaycanda mətbuat və maarifçiliyin inkişafına töhfələr verən ziyalılarımızdan Haşım bəy Vəzirovu yad edəcəyik. Milli məfkurənin tərəqqisi yolunda çalışan maarif xadimi həm də Azərbaycan və rus dillərində 7 mətbuat orqanının naşiri və redaktoru kimi tanınıb.

Haşım bəy Abdulla bəy oğlu Vəzirov 1868-ci ildə Şuşa şəhərində bir ziyalı ailəsində dünyaya göz açıb. Qarabağ mahalında vətənpərvər insan kimi tanınan Abdulla bəy maarif və mədəniyyətə böyük önəm verib, Şuşada məktəb açıb. Haşım bəy də ilk təhsilini atasının məktəbində alır. On iki yaşında atasını itirən Haşım bəy mədrəsədə ərəb və fars dillərini öyrənir. İslam tarixi və mədəniyyəti ilə bağlı atasının qoyub getdiyi kitabları mütaliə edir. Sonra Şuşa şəhər məktəbində təhsilini davam etdirir, rus dilini mükəmməl öyrənir.

İrəvan Müəllimlər Seminariyasına qəbul olunan Haşım bəy təhsil ocağında görkəmli maarifçi Firidun bəy Köçərli ilə tanış olur. Firidun bəy onda yaradıcılığa maraq oyadır. Tiflisdə nəşr olunan “Kəşkül” qəzeti ilə əməkdaşlığa cəlb edir. Sonra digər mətbuat orqanlarına yolu açılır. Dərc etdirdiyi məqalələrdə mollaxana və mədrəsələrdəki tədris proqramlarının zamanla ayaqlaşmadığını bildirir, bu sahədə müasir metodların tətbiqinin vacibliyini vurğulayır.

Haşım bəy Vəzirov seminariyanı bitirdikdən sonra uzun müddət İrəvan quberniyasının Böyük Vedi, Cavanşir qəzasının Alpout, Şəkinin Kiçik Göynük kəndlərində müəllim, Bərdədə və Şuşada məktəb müdiri işləyir. O, Şuşada pedaqoji fəaliyyətlə yanaşı, şəhər bələdiyyəsinə üzv seçilir. Burada bələdiyyə üzvü olan ermənilər şəhərin təmir-tikinti işlərinə ayrılan vəsaitin çox hissəsini öz məhəllələrinin abadlaşdırılması üçün xərclədiyini görür. Fəaliyyətə başladığı ilk gündən bu ayrı-seçkiliyə son qoyulmasını tələb edir. Bakıda rus dilində çap olunan “Kaspi” qəzetində Şuşa bələdiyyəsinin fəaliyyətini kəskin tənqid edən material dərc etdirir. Haşım bəyin şəhərə sonradan köçürülən bədnam ermənilərin bu haqsızlığına qarşı mübarizəsi yerli məmurların xoşuna gəlmir. Yuxarı dairələrə əleyhinə gizli şikayət məktubları yazdırılır. Beləliklə, erməni məkri öz işini görür. Hökumət məmurları bu məktubları əsas tutaraq 1906-cı ildə məhkəmənin qərarı ilə Haşım bəyi Rusiyanın Stavropol şəhərinə sürgün etdirirlər.

Ancaq maarif xadiminin sürgün həyatı uzun sürmür. O, həmin ilin payızında Şuşaya qayıdır. Tanınmış ictimai xadim, yazıçı-publisist Əhməd bəy Ağaoğlu onu “İrşad” qəzetində işləməyə dəvət edir. Əhməd bəy Sankt-Peterburqa gedərkən qəzetin redaktorluğunu ona tapşırır. Qəzetin 15 nömrəsi H.Vəzirovun redaktorluğu ilə çap olunur.

Daha sonra Haşım bəy böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1 aprel 1907-ci ildən “Tazə həyat” qəzetinin nəşrinə başlayır. Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi və başqaları qəzetdə çıxış edirlər. O, qəzetdə çar Rusiyasının azərbaycanlılara qarşı yürütdüyü ədalətsiz siyasəti ifşa edən yazılar yayımlayır. Nəşrin bu mövqeyi çar məmurlarını qəzəbləndirir və 1908-ci ilin sentyabrında Bakı general-qubernatoru “zərərli istiqamətinə görə” qəzetin bağlanması ilə bağlı əmr imzalayır.

Alovlu publisist 1 dekabr 1908-ci ildə “İttifaq” adlı yeni qəzetin nəşrinə icazə alır. Qəzetdə “Keyfim gələndə”, “Birisi” imzaları ilə yazılar dərc edir. “İttifaq” da “Tazə həyat”ın yolunu davam etdirdiyinə görə 3 oktyabr 1909-cu ildə fəaliyyəti dayandırılır. Bütün bunlara baxmayaraq, o, mübariz mövqeyini dəyişmir. Çətinliklə də olsa, “Səda” adlı qəzetin nəşrinə nail olur. Qəzet qısa müddət ərzində böyük nüfuz qazanır. O dövr üçün çox yüksək sayda – 5 min tirajla çap olunur.

Bakı Vilayət Jandarm İdarəsi 14 mart 1911-ci ildə qəzetin hökumət əleyhinə təbliğat apardığını iddia edir. H.Vəzirov və yazar Ə.Müznib həbs edilir. Bir aydan sonra onlar həbsdən buraxılsalar da, jandarm nəzarətinə götürülürlər. H.Vəzirov türkçülük, islamçılıq təbliğatını davam etdirir. Həmin il avqustun 14-də “Səda” qəzetinin də nəşri dayandırılır.

Xalqın maariflənməsi yolunda yorulmadan mübarizə aparan görkəmli naşir sentyabrın 27-də “Kavkazist” qəzetinin (rus dilində) nəşrinə başlayır. On bir sayı çıxdıqdan sonra bu qəzet də bağlanır. Haşım bəy ruhdan düşmür və mübarizəsini davam etdirir. 29 oktyabr 1914-1915-ci illərdə “Məzəli” satirik jurnalının nəşrinə icazə alır. Jurnalda C.Cabbarlı, Ə.Qəmküsar, Ə.Müznib, H.İ.Qasımov, H.S.Səyyah, C.Əsgərzadə və başqa tanınmış ədib və mətbuat nümayəndələrinin satirik əsərləri, bədii-publisist yazıları dərc olunur.

H.Vəzirov qələmini tərcüməçilik sahəsində də sınayıb. V.Şekspirin “Otello” faciəsini ruscadan dilimizə çevirib. O, həmçinin bədii yaradıcılıqla da məşğul olub, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” kimi komediyaları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin dram yaradıcılığı F.Köçərlinin diqqətini çəkib. Bununla bağlı “Novoe obozrenie” qəzetində “Yeni tatar komediyaları” adlı məqalə dərc etdirir. Daha sonra onun “Evlənmək su içmək deyil” əsərini geniş təhlil edir.

Azərbaycanda ilk dəfə mətbuat şəbəkəsi yaradan görkəmli maarifçi 4 fevral 1916-cı ildə, 48 yaşında vəfat edib.

Filologiya elmləri doktoru, professor Vilayət Quliyev araşdırmasında qeyd edir ki, Haşım bəyin vaxtsız ölümü ədəbi-mədəni mühitdə böyük hüznlə qarşılanır. Dərin təəssüf hissi keçirən gənc Cəfər Cabbarlı “Ədibi-möhtərəm Haşım bəyin rəsmi qarşısında” adlı şeir qələmə alır. Cabbarlı “Ey xadimi-ədəb! Uyu rahət məzaridə! İtməz adın baqi var ikən ruzigaridə!” misraları ilə Haşım bəyin maarifçiliyə verdiyi töhfələrin heç vaxt unudulmayacağını bildirib.

S.Fərəcov