Novruz münasibətilə Fəvvarələr meydanında xeyriyyə yarmarkası
Xalqımızın sevimli bayramı Novruzun gəlməsinə sayılı günlər qalıb. Artıq ikinci ildir qalib ölkə, qalib xalq olaraq bu əziz bayramı keçiririk. Qəlblərə bayram sevinci, bahar intizarı hakim kəsilsə də, bu günlər təbiət üz bərkidən qışın son təlatümlərini yaşamaqdadır. Hətta şimal və qərb bölgələrimiz bütün qış boyu görünməyən miqdarda ağ örpəyə bürünüb. Amma çarə yoxdur, bu soyuğun ömrü yaz qarı kimidir. Bahar hərarəti tezliklə özünü yetirəcək...
Novruzun gəlişi ilə əlaqədar hər il paytaxtımızda təbiətin şıltaqlıqlarına rəğmən müxtəlif yarmarkalar, bayram tədbirləri təşkil edilir. Bunlardan biri də “Nargis” Fondunun təşkilatçılığı ilə paytaxtın Fəvvarələr meydanında keçirilən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasıdır. Yarmarka martın 1-dən Bakı sakinlərini və şəhərimizin qonaqlarını qəbul edir.
Bu günlərdə biz də yarmarka ilə tanış olmaq üçün Fəvvarələr meydanına üz tutduq. Əvvəlcə “Nargis” Fondunun layihə direktoru Aydan Nəsibova ilə həmsöhbət olduq. Aydan xanım deyir ki, xeyriyyə yarmarkası fond tərəfindən 2019-cu ildən keçirilir. 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası səbəbi ilə yarmarka təxirə salınsa da, qeydiyyata alınmış körpələr fond tərəfindən müalicə və əməliyyata göndərildi: “Hər il olduğu kimi, bu il də yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın nəticələri və ətraflı maliyyə hesabatı isə yarmarka bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq”.
Yarmarkanın rəsmi tərəfdaşları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları (AZAL), “Mediline Group Assistance”, “PAŞA Holding” təhlükəsizlik xidmətidir. Layihə “PAŞA Holding”, “Azercell”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər qurum və brendlərin dəstəyi ilə həyata keçirilir. Aydan xanım onu da bildirdi ki, ikiillik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkası indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə tədbiridir.
Yarmarka ərazisində quraşdırılmış “Qarabağ plovu” adlı taxta köşk diqqətimizi çəkir. Köşkə yaxınlaşırıq. Satıcı Nail Vəlizadə müştəriləri milli geyimdə qarşılayır.
– Köşkə yaxınlaşan müştərilərə Qarabağ plovu təklif olunur. Hətta plovu hazırlayan aşpazlarımız da qarabağlıdır. Müştərilərə 4 növ – şüyüdlü, noxudlu, lobyalı və sadə plov təqdim olunur.
– Yarmarka iki həftəyə yaxındır fəaliyyət göstərir. İnsanların marağı hansı səviyyədədir?
– Müştərilərimiz kifayət qədərdir. Bayram yaxınlaşdıqca buraya gələnlərin sayı da artır. Yarmarka açılandan hər gün köşkə eyni vaxtda gələn müştərilərimiz də var.
Bu zaman yeni müştəri yaxınlaşır və satıcıya uğur arzulayıb “Qarabağ plovu” köşkündən ayrılırıq.
Yarmarka ərazisini gəzməyə davam edirik. Qarşılaşdığımız hər kəsin üzündə sevinc, təbəssüm var.
Ərazidə ümumilikdə 63 böyük, 21 kiçik “ev”, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz bayramına aid və digər tematikalı konstruksiyalar quraşdırılıb. Yarmarkaya üz tutan qonaqlar münasib qiymətə şirniyyatlar, “fast foot” yeməkləri, içkilər, milli və xarici mətbəxin ləziz təamlarını dada, müxtəlif suvenir və hədiyyələr əldə edə bilərlər. Burada hər yaşdan uşaqlar oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xalqımızın sevimli bayramı olan Novruz həyəcanı və sevincini sevdikləri ilə birlikdə yaşaya bilərlər.
Qeyd edək ki, “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası aprelin 10-dək fəaliyyət göstərəcək.
Nurəddin Məmmədli