Bəli, bu sarayın yalnız tarixi qalıb... İndiki Ermənistanın yerləşdiyi əzəli Azərbaycan torpaqlarında xalqımızın əsrlər boyu yaratdığı tarixi tikililərin, demək olar ki, hamısı məhv edilib. Bu gün, təəssüf ki, qədim yurd yerlərimizdə azərbaycanlı kimliyini özündə təcəssüm etdirən həmin memarlıq nümunələri haqqında keçmiş zamanda danışmağa məcburuq.
1902-ci ildə nəşr olunan “İrəvan quberniyasının yaddaş kitabı”nda qeyd olunur ki, quberniya ərazisində 310 məscid var. Bu gün isə həmin məscidlərdən biri – İrəvan şəhərindəki Göy məscid günümüzə “sağ-salamat” gəlib çatıb. Həmin məscid isə bir neçə il öncə “bərpa” edilərək tarixi saxtalaşdırılıb və fars məscidi kimi tanıdılmaqdadır.
İrəvan şəhərində yer üzündən silinən memarlıq nümunələrindən biri də Sərdar sarayı kimi tanınan xan sarayının binasıdır. Sərdar sarayı İrəvan qalasının şimal-qərb hissəsində yerləşib. İndi nə həmin qala var, nə də ki, saray.
XVI əsrin əvvəllərində İrəvan sərdarı Əmirgünə xan Qacar tərəfindən inşa etdirilən saray binası 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən dövrünün məşhur memarı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən qurulub. Hüseynəli xanın oğlu Məhəmməd xan güzgülü salonu və Sərdar bağındakı yay imarətini inşa etdirib, bununla da bu möhtəşəm tikili memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanıb. Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir olunub və ona bir sıra tikililər əlavə edilib.
Azərbaycan memarlığının şah əsərlərindən biri kimi tarixə qovuşmuş bu sarayda həmin dövrdə təsviri sənətin geniş yayılmış növü olan divarüstü boyakarlığından geniş istifadə olunaraq divarları bəzəyən portretlər, süjetli kompozisiyalar yaradılıb. Güzgülü zalın dərin çatma tağlı ön divarında ornamental pannolarla tavan arasında qalan zolaqda oxşar və eynibiçimli çərçivə daxilində Fətəli şahın, oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın, dastan qəhrəmanları Rüstəm Zalın, onun oğlu Söhrabın portretləri təsvir olunubmuş.
Sarayın memarlıq üslubu, onun bədii-estetik həlli zaman-zaman bu qədim yurdumuza üz tutan səyyahların da marağına səbəb olub. Müxtəlif vaxtlarda İrəvan şəhərinə səfər edən bir çox səyyahlar Sərdar sarayını, onun güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları öz əsərlərində təsvir ediblər.
Zəngin bədii tərtibata sahib olan Sərdar sarayı arxeoloq və rəssam Qriqori Qaqarinin XIX əsrin 40-cı illərində çəkdiyi əsərdə güzgülü salonda saray həyatının bir parçasını gözlərimiz önünə gətirir. Ön planda taxtda əyləşmiş xan, solunda əyanları, taxtın önündə ulduzvarı hovuz və ortasında kiçik fontan görürük. Salonun döşəməsinə naxışlı xalçalar sərilib, tavan və divarlar nəbati, həndəsi ornamentlərlə bəzədilib, çərçivələr şəbəkə üslubunda işlənib. Sarayın divarboyu ornamentlərlə bərabər, şəkillərlə də bəzədildiyi görünür.
Sərdar sarayı 1913-cü ildə erməni vandalizminə məruz qalaraq qismən dağıdılıb. 1918-ci ildə isə sarayı tamamilə yerlə yeksan ediblər. Bununla da Azərbaycan memarlığının daha bir nümunəsi erməni vəhşiliyinin qurbanı olub. Həmin saraydan yalnız Fətəli şah Qacar və onun oğlu Abbas Mirzənin portretləri (Tiflisə aparılıb və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır) qalıb...
Fariz Hüseynli