Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

270 il əvvəl...

22 mart 1752-ci ildə gürcü (Kartli-Kaxeti) çarı II İrakli və Azərbaycan xanlarının gizli sövdələşməsinin nəticəsi olan “Qızılqaya xəyanəti” baş verib. II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını Qızılqaya adlı yerə (Gəncə yaxınlığında) dəvət edərək onları əsir götürüb. Azərbaycan xanlarını əsirlikdən Şəki xanı Hacı Çələbi xilas edib. O, gürcü qoşunlarını məğlub edərək Qazax və Borçalını Şəki xanlığına birləşdirib.

 

194 il əvvəl...

20 mart 1828-ci ildə Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib. Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adı ilə Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

 

121 il əvvəl...

18 mart 1901-ci ildə Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə – Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Köçürülmə nəticəsində Azərbaycanın bu bölgələrində onlarla rus yaşayış məntəqəsi yarandı.

 

107 il əvvəl...

18 mart 1915-ci ildə Birinci Dünya müharibəsində Osmanlı ordusu ilə Antanta ittifaqının (Britaniya, Fransa, Rusiya) ingilis-fransız qoşunları arasında baş verən Çanaqqala savaşının (Gelibolu yarımadası) əsas mərhələsi (dəniz savaşı) türk qüvvələrinin zəfəri ilə başa çatıb. Bir ay ərzində Çanaqqala limanını müdafiə edən Osmanlı qoşunları ingilis-fransız qüvvələrini geri oturdub. Çanaqqalada quru döyüşləri 1916-cı ilin yanvarınadək sürdü.

 

104 il əvvəl...

18 mart 1918-ci ildə erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlara başlayıblar. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi.

 

102 il əvvəl...

21 mart 1920-ci ildə Qarabağda və Gəncəbasarda erməni silahlı dəstələrinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlayıb. Bu arada Azərbaycanın şimal sərhədi yaxınlığında Rusiyanın XI  ordusu ölkəyə  müdaxiləyə hazırlaşırdı.

 

77 il əvvəl...

22 mart 1945-ci ildə Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası yaradılıb. Təsis konfransında 7 dövlət (Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən) iştirak edirdi. Sonrakı illərdə digər ərəb dövlətləri də təşkilata qoşuldu.

 

66 il əvvəl...

20 mart 1956-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi olan Tunis müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olan Tunis 1881-ci ildən Fransanın protektoratlığına keçmişdi.

 

32 il əvvəl...

21 mart 1990-cı ildə Afrika qitəsində sonuncu olaraq Namibiya müstəqilliyini elan edib. 1884-1920-ci illərdə Almaniyanın protektoratı olmuş Namibiya 1920-1990-cı illərdə Cənubi Afrika İttifaqının (CAR-ın) nəzarətinə düşmüşdü.

 

28 il əvvəl...

19 mart 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

 

19 il əvvəl...

20 mart 2003-cü ildə ABŞ və Böyük Britaniya qoşunları Səddam Hüseyni devirmək üçün İraqa qarşı müharibəyə başlayıblar. Üç həftə sonra, aprelin 9-da Səddam rejimi devrildi. İraqda 200 mindən çox insanın həyatına son qoyan daxili müharibə isə illərlə davam etdi. 2021-ci ildə ABŞ qoşunlarının İraqdan tam çıxdığı bildirilsə də, məhdud hərbi-texniki kontingent ölkədə qalmaqdadır.

Hazırladı: V.Orxan