Azərbaycanın Qırğızıstandakı Səfirliyi Novruz şənliyi keçirib. Tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla bərabər qırğız xalqının nümayəndələri də iştirak ediblər.
Ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov iştirakçıları bayram münasibətilə təbrik edib, Novruzun əhəmiyyəti haqqında danışıb, Azərbaycanda Novruz adət-ənənələri barədə məlumat verib, bu bayramın xalqlarımızı birləşdirdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanda olduğu kimi, Qırğızıstanda, habelə digər türkdilli ölkələrdə də Novruz bayramı təntənəli şəkildə geniş qeyd olunur.
Səfir 2009-cu ildə ölkəmizin də yaxından iştirakı ilə Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul olunduğunu diqqətə çatdırıb.
AMM-in sədri Əzizağa Əliyev də tədbir iştirakçılarını təbrik edib, milli bayramlarımızı nəsildən-nəslə ötürərək unutmadıqlarını deyib.
Sabiq diplomat Janış Rustenbekov, “Azərbaycanın dostları” klubunun rəhbəri, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Askar Aytmatov çıxış edərək Novruz bayramının bütün türk xalqlarının ortaq dəyəri olduğunu bildiriblər.
Tədbir boyu Azərbaycanda Novruzun qeyd olunmasını, bayramla bağlı adət-ənənələri, ölkəmizin turizm potensialını əks etdirən videomaterial nümayiş olunub.
Sonra ziyafət verilib, iştirakçılar Azərbaycan plovu və bayram şirniyyatlarına qonaq ediliblər.