Azərbaycan Dövlət Akademik Musiqili Teatrı macar bəstəkarı İmre Kalmanın “Silva” operettasının tamaşası ilə rusdilli tamaşaçıların görüşünə gələcək.
Martın 25-də göstəriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
“Silva” operettasının süjet xəttini saf sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin arasında yaşanan məhəbbət Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.