“Rüstəm İbrahimbəyov Azərbaycan kinosunda neorealizmin şah əsərlərini yaradıb. Onun simasında həm yazıçı, həm dramaturq, həm də kinorejissor cəmlənmişdi”.
Xalq şairi Ramiz Rövşən bu fikirləri dostu, kinodramaturq Rüstəm İbrahimbəyovla vida mərasimində jurnalistlərə müsahibəsində söyləyib: “Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, insan haqda bundan qəddar və ədalətsiz bir söz deyilməyib. Heç bir insan əvəzolunan deyil. Ən azı doğmaları, əzizləri üçün. Amma Rüstəm İbrahimbəyov bir millət, xalq və hətta dünya üçün əvəzolunmaz adam idi. Böyük şairimiz Rəsul Rza bir şeirində yazırdı: “Vaxt var ikən elə yaşa, sən gedəndən sonra hər kəsə aydın görünsün yerində qalan boşluq”. Rüstəm İbrahimbəyovun gedişindən sonra elə bir boşluq görünür ki, get-gedə bu boşluq kinomuzda daha çox görünəcək”.
Ramiz Rövşən qeyd edib ki, Rüstəm İbrahimbəyov həm də dünya mədəniyyətinə qovuşan sənətkar idi: “Onun əsərləri təkcə bizim, ya da keçmiş SSRİ məkanı üçün yox, dünya miqyasında əhəmiyyətlidir. Mən əminəm ki, Rüstəmin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və kinosuna verdiyi töhfələrin dəyəri ildən-ilə artacaq. Allah rəhmət eləsin”.