Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir.

Bu fikirlər martın 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şuşa – dünyanı heyrətləndirən mədəniyyət ocağı” adlı tədbirdə səsləndirilib.

Kitabxananın direktoru Aslan Cəfərov Şuşanın mədəniyyət xadimləri, tanınmış şəxsiyyətləri haqqında söz açıb.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Qənirə Mustafayeva, Günay Həsənova, Nərminə Xəlilli və digər əməkdaşlar, Bakı Dövlət Universiteti Kitabxanaçılıq və informasiya fakültəsinin tələbələri Şuşanın tarixi-mədəni irsi, işğal dövründə erməni vandalizminə məruz qalmış abidələri haqqında danışıblar.

Şuşaya həsr olunan şeirlər səsləndirilib, “Şuşa fatehləri”, “Şuşa – gözəllər diyarı” başlıqlı videoçarxlar nümayiş etdirilib. Sonda “Qarabağın tacı Şuşa – 270” adlı kitab sərgisinə baxış keçirilib.