“Auction Baku” MMC-nin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının metodiki dəstəyi ilə Novruz bayramı münasibətilə növbəti auksion keçiriləcək.

Auksion ölkəmizdə hərrac ənənələrini inkişaf etdirmək, bu sahədə rəqabət qabiliyyətliliyi gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə təşkil edilir.

Budəfəki auksionda beş rəssamın – Vüqar Muradov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Cəlal Ağayev və Milena Nəbiyevanın Novruz atributlarından olan yumurta forması üzərində çəkdiyi əsərlər hərraca çıxarılacaq. Bununla yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan Novruz bayramı mövzusunda əsərlər sərgilənəcək.

Xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları öz yaradıcılıqlarında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar.