Artıq dördüncü ildir 27 mart tarixi ölkəmizdə elmi ictimaiyyət tərəfindən Elm Günü kimi qeyd olunur. Dövlət başçısının 9 aprel 2018-ci il tarixli sərəncamı ilə təsis olunan əlamətdar gün cəmiyyətin inkişafında elmin əhəmiyyətini diqqətə çatdırmaq məqsədi daşıyır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ekspozisiya zalında Elm Günü ilə əlaqədar “açıq qapı” günü keçirilib. Bu münasibətlə həmçinin “Şuşa İli” çərçivəsində hazırlanmış “Şuşa Qarabağın incisidir” adlı sərginin açılışı olub.

İnstitutdan bildirilib ki, sərgidə Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan qala-şəhərimizə aid sənədlər, Şuşa ədəbi mühiti yetirmələrinin əsərlərinin əlyazma nüsxələri, o cümlədən Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Firidun bəy Köçərli, Məmo bəy Məmai, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov və başqalarının qələminə məxsus unikal nümunələr nümayiş etdirilib və ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Tədbirin sonunda institutun bir qrup əməkdaşına səmərəli elmi və təşkilati fəaliyyətinə görə fəxri fərmanlar təqdim edilib.