Bolqarıstan teatr truppası Üzeyir bəyin ölməz əsərini iki dildə oynayır

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” (1913) operettası, bir əsrdən çoxdur Azərbaycan səhnəsini bəzəməklə yanaşı, müxtəlif xarici ölkələrin səhnələrində də tamaşaya qoyulur. Bu günlərdə dünya şöhrətli operettanın daha bir premyera xəbəri Bolqarıstanın paytaxtından gəldi.

Novruz bayramı münasibətilə martın 22-də Bolqarıstanın Kırcali Musiqili Teatr Mərkəzi truppasının təqdimatında operettanın bolqar dilində nümayişi olub.

Sofiya Musiqili Teatrında təqdim edilən tamaşanı Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, mədəniyyət xadimləri, həmçinin diasporumuzun təmsilçiləri izləyiblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərinin rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır.

Azərbaycan operettasının bolqar dilində premyerası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və yerli mətbuatda geniş işıqlandırılıb.

Qeyd edək ki, “Arşın mal alan” eyni quruluşda 2021-ci ilin yanvar ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Sofiyadakı səfirliyimizin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və mədəniyyətə malik Kırcali şəhərində türk dilində nümayiş olunmuşdu.

Lalə Azəri