Bu gün çoxşaxəli yaradıcılıq dəst-xətti ilə fərqlənən, əsərlərində millilik və müasirlik tandemini bir tabloda əks etdirməyə nail olan monumentalçı rəssam Yaqub Mehdiyevin (1948-2013) anadan olmasının 74-cü il dönümüdür.

Xalq rəssamı Ağa Mehdiyevin ailəsində dünyaya göz açmış Yaqub Mehdiyev ailənin böyük övladı, dörd bacının yeganə qardaşı olmuşdur. Rəssamların, incəsənət adamlarının əhatəsində böyüməsi onun dünyagörüşünə təsirsiz ötüşməmişdir.

Yaqub Mehdiyev hələ Y.Qaqarin adına Pionerlər məktəbinin rəsm dərnəyinə gedərkən çəkdiyi rəsmlərlə müəllimlərinin diqqət mərkəzində olmuş, orta məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirib 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunmuşdur. Burada təsviri sənət korifeylərimiz – Hafiz Məmmədov, Mikayıl Abdullayev və Kamil Xanlarovdan dərs almışdır. 1967-ci ildə bu təhsil ocağını rəsm və rəsmxət müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. Görkəmli fırça ustası Səttar Bəhlulzadənin xeyir-duası ilə Moskvaya təhsilini davam etməyə getmişdir. 1967-1972-ci illərdə S.G.Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasının monumental dekorativ incəsənət (monumental dekorativ rəngkarlıq) ixtisasında oxumuşdur. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam kimi çalışmış, yaradıcılıqla məşğul olmuşdur.

1975-ci ildə Bakıya qayıdan Yaqub Mehdiyev Azərbaycan Bədii Fondunda rəssam və Bakı Şəhər Tərtibat və Reklam İdarəsində monumental tərtibatçı işləmişdir. 1993-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində Dekorativ-tətbiqi sənət kafedrasında rəsm, rəngkarlıq və kompozisiya fənlərini tədris etmiş, 1996-2003-cü illərdə Bakıdakı Türk liseyində, 2002-2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təsviri sənət və rəsmxət müəllimi kimi fəaliyyət göstərmişdir. Rəssam eyni zamanda 1999-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq kafedrasında, 2001-2011-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir.

***

Monumentalçı rəssam Yaqub Mehdiyevin yaradıcılığı daha çox mozaik mənzərə, portret, tematik janrları ilə xarakterizə edilir. O, parlaq rənglərə, müxtəlif bədii detallara müraciət edərək zəngin kompozisiya həllinə malik canlı, həyati lövhələr, əsrarəngiz mozaik tablolar yaratmışdır. Onun mozaikalarına ənənəvilik, millilik, zəriflik, həyatilik həmçinin müasirlik, sərbəstlik, optimizm hissi xasdır. İncəsənətin əsas məqsədlərindən biri insanların zövqünü oxşamaqdırsa, Yaqub Mehdiyev irihəcmli və kiçikölçülü mozaik tablolarında buna nail olmuşdur.

Rəssam 1975-ci ildə Moskvadan vətənə qayıtdıqdan sonra ilk işlərindən olan M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) interyerini bəzəyən “Axundov və onun müasirləri” və “Bərəkətli süfrə” (1976) mozaika ilə işlənmiş irihəcmli əsərlərini yaratmışdır. Öz dəst-xətti ilə seçilən rəssamın digər irihəcmli əsərləri sırasında divar boyakarlığı olan Səhiyyə Nazirliyinin Respublika Sanitariya Maarifi Evinin interyerini bəzəyən “Təbabət elmi” (1978) əsəri kompozisiya cəhətdən çox dolğundur.

Bundan əlavə, rəssamın mozaika-relyeflərinə Maştağa qəsəbəsində “Məhsul bayramı” (1979), Xırdalanda ticarət mərkəzinin eksteryerində “Azərbaycan diyarının zənginliyi” (1980), Şamaxıda “Təbiət” (1980), Astara şəhərində “Məhsul bayramı” (1981), Naxçıvan şəhərində “Avtovağzal” mehmanxanasının eksteryerində “Qonaqpərvərlik” (1983), Sumqayıtda “Qarabağ” teatrının eksteryerində “Teatr dünyası” (1988) və bir çox başqa ictimai binaların xarici divarlarında, meydanlarında rast gəlmək olar. Bu nümunələr milli rəng duyumumuz əsasında qurularaq, incə zövq, orijinal yanaşma tərzi, zəngin dekor xüsusiyyətləri ilə tamaşaçını valeh edir.

Müəllifin Nəqliyyat Nazirliyinin eksteryerini bəzəyən “Yol-nəqliyyat-sürət” mozaik əsərində mozaika ilə yanaşı, qorelyefdən də istifadə olunmuşdur. Sanki personajlar indicə olduqları məkandan çıxaraq hərəkətə gələcəklər. Səthini sırf azərbaycanlı tipajları bəzəyən mozaika milli geyimli uşaqlar, kəlağayılı, uzun donlu qadınlar, başında buxara papağı olan kişi obrazları ilə zəngindir. “Yol-nəqliyyat-sürət” mozaikasında nəqliyyatla əlaqədar eşşək, dəvə, araba, fayton, velosiped, avtomobil təsvir olunmuşdur. Buradakı insan tipajları isə bu nəqliyyat vasitələrinin yanında duraraq və onlarda oturmuş halda, söhbət etdikləri, zurna-balaban sədaları altında rəqs edərək kimisə yola salmağa hazırlaşmaq etapında, əllərində gül dəstəsi, göndərəcəyi ərzaqla, kimisi isə oturub gözlədiyi vəziyyətdə, fikrə dalmış kimi əks olunmuşdur.

Naxçıvan şəhərində “Avtovağzal” mehmanxanasının eksteryerini bəzəyən “Qonaqpərvərlik” mozaikasında kompozisiya stilizə edilmiş milli buta elementi ilə əhatə olunmuşdur. Buta göy qurşağı rənglərindən ibarət olub, qadının yaylığının bükülməsində sanki təkrarlanır. Mozaika rəng etibarilə aydın səmanı, bolluğu, qonaqpərvərliyi tərənnüm edir. Təsvirin miqyasının nəzərə alınmasının düzgünlüyü, eləcə də rəng tonları hesabına məkanın dərinliyinin mərkəzdə daha tünd və daha dərin rəngdən, divar sahəsinin kənarlarına qədər işıqlaşaraq düzülməsi bir növ bütün kompozisiyaya həcm verir.

***

Yaqub Mehdiyev kiçik həcmli mozaikalar da işləmişdir. Qadın, ana, məhəbbət mövzulu mozaik əsərlərə “Aşiq və məşuq”, “İntizar”, “Çayda”, “Düşüncələr”, “Əks”, “Gözəllik”, “Görüş”, “Gözəl”, “Gözəlçə”, “Güzgülü”, “Könül”, “Qəzəl”, “Məhəbbət”, “Milli geyimli qız”, “Nar”, “Nənə”, “Portret”, “Sevgi”, “Ağbəniz”, “Şairə”, “Ana”, “Örpəkli qadın”, “Kuzəli qız”, “Təmizlik” adlı nümunələri misal göstərmək olar. Xətlərin dili incəsənətin ən zəngin və çox ifadəli dilidir. Xırda modullu “Ana” mozaikasında ananın ətrafındakı kəlağayı aypara təşkil edir. Göy, qırmızı, yaşıl isə Azərbaycan bayrağının rənglərini simvollaşdırır. Haşiyədə həmin rənglər təkrarlanır. Bu əsərlərdə bəzən kontrast, bəzən isə kiçik smalta daşlarının rəng etibarilə bir-birinə mülayim keçidi, rəssamın yaradıcılığında müxtəlif forma, ideya, ifadə dili, zəriflik və eyni zamanda güclü, əzmkar qadın obrazlarının xüsusi bir yer tutduğunun şahidi oluruq. Obrazlar qaraqaş-qaragözlü, zahiri görünüşü, məsumluğu, incə, lirik plastikası Azərbaycan qızlarına, qadınlarına xas olan milli xüsusiyyətləri realist, bəzən isə abstrakt səpkidə əks etdirir. Milli ornamentləri, yalnız bizlərə aid cizgiləri ilə seçilən bu kompozisiyaları mozaik gözəllər də adlandırmaq olar. Türkiyənin sabiq prezidenti mərhum Turqut Özalın ailəsinə hədiyyə edilmiş əsər də bu mövzudadır.

“Burulğan”, “Böyük partlayış”, “Sonsuzluq”, “Aylı gecə”, “Ekologiya”, “Kainat”, “Zöhrə dan ulduzu” kosmik mövzulu əsərlərini yaradarkən rəssam fosfordan istifadə etmişdir. “Ekologiya” əsərində metallaşmış mumiya təbiəti əks etdirir. Yer, ağac, hətta torpaq da metallaşmışdır. Smalta ilə işlənmiş bu kiçik modullu əsərlərdə cürbəcür qammalardan istifadə materialın üstünlüklərini açmağa imkan vermişdir.

Məlumdur ki, mozaika müasir dövrdə öz mahiyyətini itirməyən, hətta inkişaf edən sənət növlərindən biridir. Milli ideologiya üzrə yeni sənət əsərləri yaratmaq imkanı bu texnikada çox genişdir. Maraqlıdır ki, sənətin bu növünə xas olan monumentallıq, bəzən isə dekorativlik rəssamın dəzgah yaradıcılığına da sirayət etmişdir. Rəssamın bu üslubda monumental kompozisiyalar da yaradıcılığında mühüm yer tutur.

***

Yaqub Mehdiyevin daha bir irihəcmli əsəri Tariyel Bəşirovla birgə yaratdığı portretlərlə zəngin, həmçinin süjetli, həndəsi və nəbati ornamentli, tariximizi və müasirliyimizi özündə əks etdirən, ipəklə toxunmuş “Azərbaycan ulduzları” xalı-pərdəsidir. 150 kvadratmetrlik xalı-pərdə 1998-2012-ci illərdə Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) səhnəsini bəzəmişdir. Hazırda xalı-pərdə Azərbaycan Milli Xalça Muzeyinin fondunda saxlanılır.

Monumentallıq və dekorativlik xüsusiyyətləri əksər monumentalçı-rəssamların dəzgah yaradıcılığında özünü büruzə verir. Rəssamın 1970-80-ci illərdə yağlı boya ilə çəkilmiş əsərlərindən “Nahar fasiləsi”, “Düşüncələr”, “Gənclik”, “Neftçinin portreti”, “Dostum”, “Buruq qazanlar”, “Nümayiş”, “Cüdoçularımız” əsərləri bu mənada diqqətçəkən nümunələrdir. Bu əsərlərin hər birində rəssamın vahid məkan yaratmaq, mürəkkəb kompozisiyalı, çoxplanlı rəsm əsəri qurmaq, rənglərin balansına nail olmaq bacarığı özünü qabarıq şəkildə göstərir. “Gənclik” tablosunda rəssam rəqsi əks etdirmişdir. Yağlı boya ilə işlənmiş bu tabloda bir qrup gəncin işdən sonrakı məşğuliyyəti, asudə vaxtını səmərəli keçirməsi səhnəsi təsvir edilmişdir. Əsərin ümumi quruluşunda, ideya-bədii qayəsində ötən əsrin 80-ci illərində sovet təsviri sənətində gənclərin həyat tərzi realist bədii vasitələrlə, tematik üslubda ifadə olunmuşdur. Rəsmdə ümumən kompozisiyaya gənclik duyğularından qaynaqlanan nikbin ruh hakimdir. Tablo öz dövrü üçün aktual təsir bağışlayan yenilikçi xüsusiyyətləri ilə yadda qalır. Yaqub Mehdiyev bu əsərlə Moskvada Ümumittifaq sərgisində iştirak etmişdir.

Ümumiyyətlə, yaradıcılığa 1966-cı ildən başlayan rəssam respublikamızda və keçmiş ittifaq ölkələrində – Rusiya, Ukrayna və Litvada yaradıcılıq sərgi-simpoziumlarında iştirak etmiş, əsərləri kataloqlarda çap olunmuşdur. O, həmçinin 1991-ci ildə 20 Yanvarın birinci ildönümünə həsr olunmuş açıq müsabiqənin diplomuna layiq görülmüşdür.

Rəssam eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, qardaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin, habelə dahi Nizami Gəncəvinin, akademiklər Soltan Mehdiyev, Arif Paşayev və başqa elm, ədəbiyyat və mədəniyyət xadimlərinin portretlərini yaradıb.

Fırça ustasının kompozisiyası əlvan rəng həllinə malik “Güllər”, “Xarıbülbül”, “Buket”, “Qızıl gül”, “Günorta”, “Çovğun” və digər təbiət mövzulu yağlı boya ilə işlənmiş əsərləri maraqlı kolorit ahəngdarlığı əmələ gətirir. Bu tablolarda ziqzaqlı çaylar, dağların şiş uclarını çevrəsinə almış buludlar öz əksini tapır. Coşub-daşan çay, küləyin buludları qovması, ümumiyyətlə, təbiətin şıltaqlığı çox həyati təsvir olunmuşdur.

***

Hər hansı bir təsviri sənət əsəri rəssamın onun ətrafında dünyaya, insanlara, təbiətə və onu həyəcanlandıran hadisələrə dair özünəməxsus hekayəsidir. Çoxşaxəli yaradıcılığa malik olan Yaqub Mehdiyevin istər smalta ilə, istər yağlı boya və ya qrafik əsərlərində ifadəli, plastik xətlər əsas təsvir vasitəsinə çevrilir, rəssamın tablolarına bədii forma verir, ideya-məzmunun açılmasına xidmət edir və onun dəst-xəttini digər sənətkarların işlərindən fərqləndirir.

Fırça ustasının əsərləri Azərbaycan Rəssamlar İttifaqının fondunda, Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.

Yaqub Mehdiyev həmkarlarına sayğılı, dostluğa sadiq, pedaqoji fəaliyyətində tələbələrə yoldaş, həyat yoldaşına sirdaş, iki övladına sevimli ata, altı nəvəsinə ən yaxşı baba və ümumiyyətlə, onu tanıyanların həyatında xoş xatirələrlə dolu bir iz qoymuş insan olmuşdur. Allah rəhmət eləsin.

Könül Əzimova
Azərbaycan Rəssamlar İttifaqının üzvü