Musiqi məktəbinin bayram konserti

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində Novruz bayramı münasibətilə konsert keçirildi.

Konserti təhsil ocağının skripkaçılar ansamblı (rəhbər: S.Quliyeva) açdı. Uşaqların ifasında T.Quliyevin “Zibeydə” mahnısı səsləndi. Fortepiano şöbəsinin yuxarı sinif şagirdləri Teymur Kərimli, Leyla Məmmədzadənin mükəmməl ifası, aşağı sinif şagirdləri Firuzə Dadaşova, Kamilla Məmmədovanın ifa etdiyi əsərlər dinləyicilərə xoş ovqat bağışladı. V sinif şagirdi Sabir Əliyevin ifasında “Bəri bax” xalq mahnısı, R.Hacıyevin “Leyla” mahnısı alqışlarla qarşılandı. VII sinif şagirdi Məryəm Mustafayeva skripkada A.Məlikovun “Noktürn” əsərini məharətlə ifa etdi.

Xalq çalğı alətləri şöbəsində təhsil alan şagirdlərin uğurlu çıxışları xüsusilə yaddaqalan oldu. Rəsul Əliyevin kamançada, Aqil Abbasın balabanda ifa etdiyi melodiyalar konsertə özünəməxsus bahar təravəti gətirdi. Xalq çalğı alətləri kvartetinin (Zəkixan Aslanzadə – tar, Zəhra Cəfərli – qanun, Ceyhun Aslanlı – kamança, Ali Nəbiyev – nağara) ifasında səslənən A.Gərayın “Səfikürd” əsəri dinləyicilərin alqışları ilə mükafatını aldı.

Konsert məktəbin xalq çalğı alətləri orkestrinin (rəhbər: K.Hüseynov) ifasında üç gözəl əsərin təqdimatı ilə tamamlanaraq bayram əhval-ruhiyyəsini daha da yüksəltdi.

Bayram konsertinin sonunda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva çıxış edərək müəllimləri, şagirdləri və valideynləri Novruz münasibətilə təbrik etdi, kollektivə uğurlar dilədi.

Lalə