Festivalda ölkəmiz də təmsil olunub

 

Daşkənddəki Beynəlxalq Britaniya Məktəbində “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib. Festivalda müxtəlif ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmizi festivalda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Guşəmizdə ölkəmizlə bağlı nəşrlər, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti haqqında AMM-in özbək dilində çap etdirdiyi kitablar nümayiş olunub.

Guşədə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəni mirası və şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlər haqqında məlumatlar da yer alıb. Qarabağ bölgəsinin milli kişi və qadın geyimləri təqdim olunub. AMM-in dərnək üzvlərinin əl işləri və suvenirlər, habelə Azərbaycanın müxtəlif bölgələrindən xalçalar və milli musiqi alətləri də maraqla qarşılanıb.

Novruz bayramı münasibətilə şagirdlər və tədbirin qonaqları üçün Azərbaycan guşəsində yumurtanın müxtəlif rəng və naxışlarla bəzədilməsi nümayiş olunub.

Tədbir çərçivəsində qonaqlara mətbəx nümunələrimiz təqdim olunub, şəkərbura, paxlava və digər şirniyyatların satışı həyata keçirilib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.

Festivalın konsert proqramında AMM-in nəzdində “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.