Rusiya rəsmiləri teleşou havasına girmiş deputatı məzəmmət ediblər
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanın ünvanına dedikləri Moskvanın rəsmi mövqeyini əks etdirmir və qəbuledilməzdir.
Bunu martın 29-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov artıq Delyaginin bəyanatlarını şəkildə şərh edib və biz də bu qiymətləndirmə ilə razıyıq. “Öz adımdan əlavə edə bilərəm ki, bu cür bəyanatları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu bəyanatlar heç bir halda Rusiya rəhbərliyinin Bakı ilə müttəfiqlik əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına yönələn rəsmi mövqeyini əks etdirmir. Biz əminik ki, Dövlət Dumasının rəhbərliyi də bu cür təxribatçı bəyanatlara müvafiq qiymət verəcək”, – deyə M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin martın 28-də dövlət televiziyasında (“Rossiya 1” kanalı) çıxışı zamanı Azərbaycanı Qarabağda sülhü pozmaqda ittiham edərək, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları təhlükə adlandırıb, ölkəmizə qarşı hədələyici ifadələr işlədib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Mixail Delyagini öz şəxsi emosiyalarını cilovlamağa və Azərbaycanın ünvanına qeyri-dost ifadələrlə çıxış etməməyə çağırıb.
“Bu bəyanat şəxsi emosiyaların coşub-daşdığı müstəvidə yerləşir. Biz bu emosiyalara nəzarət etməyə və xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə belə bəyanatlardan çəkinməyə səsləmək istərdik”, - deyə D.Peskov vurğulayıb.
Moskva rəsmilərinin məzəmmət çıxışlarından sonra Mixail Delyagin martın 29-da üzrxahlıq videosu yayıb. O bildirib ki, işlətdiyi ifadələrə görə azərbaycanlılar və digər millətlərin nümayəndələrindən səmimi qəlbdən üzr istəyir. Qeyd edib ki, onun bu cür çıxış etməsinə sözügedən verilişin formatı təsir edib, başqa sözlə, teleefirdə siyasi tok-şou havasına girib...
Qeyd edək ki, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu da “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb və belə halların qəbuledilməz olduğunu vurğulayıb. Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin yaydığı bəyanatda bildirilir.