Vergi intizamı və vergi mədəniyyəti hər bir ölkədə sosial rifah və tərəqqinin mühüm şərtlərindəndir
   
   Azərbaycan dünyanın qədim mədəniyyət ocaqlarından biridir. Araşdırmalar nəticəsində məlum olub ki, ölkəmizdə ən qədim zamanlarda müxtəlif sənət sahələri meydana gəlib, zaman keçdikcə inkişaf edərək daha da təkmilləşib. 
   
   Zaman-zaman insanların bu və ya digər tələbatının ödənilməsi məqsədilə yaradılan nümunələr sonradan mədəniyyət sərvəti adını almış və beləliklə, xalqımız öz mədəniyyətinin də əsasını qoyub, onu yaşadıb, daha da inkişaf etdirib. Eyni zamanda, mədəniyyətin inkişafı dövlətin yaranması dövrünə təsadüf edib. Dövlətin qüdrəti, tərəqqisi, əhalinin yaşayış səviyyəsi onun iqtisadi vəziyyətindən asılıdır. İqtisadiyyatın səviyyəsini isə xəzinəyə daxil olan gəlirlər müəyyənləşdirir. Bu gəlirlərin mühüm hissəsini vergilər təşkil edir.
   Ayrı-ayrı fəaliyyət sahələrinə aid mədəniyyət növləri, o cümlədən vergi mədəniyyəti də mövcuddur. Bu gün dövrümüzün reallığına çevrilmiş «Vergi mədəniyyəti» anlayışı nisbətən yenidir. İnkişaf etmiş ölkələrdə əhalinin maddi rifahı ilə yanaşı mədəniyyətin, habelə vergi mədəniyyətinin səviyyəsi də durmadan yüksəlir.
   Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və tanınmış yazıçı, tədqiqatçı-alim Aslan Qəhrəmanovun ərsəyə gətirdikləri «Vergi mədəniyyəti» (II nəşr) kitabında bu, habelə cəmiyyət və dövlətlə bağlı bir sıra məsələlər geniş şərh edilib. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, elmi redaktoru akademik Teymur Bünyadovdur.
   Müəlliflər «Ön söz»də qeyd edirlər ki, mədəniyyətin, o cümlədən də vergi mədəniyyətini səviyyəsi birdən-birə yüksəlmir. Onlar bunu təkamül prosesi nəticəsində baş verdiyini və inkişaf elədiyini göstərirlər. Bu gün bir sıra ölkələrin vergi ödəməklə fəxr edən vətəndaşlarının əvvəllər bu işi çox çətinliklə, məcbur edilməklə gördüklərini misal gətirirlər.
   Müəlliflər, eyni zamanda, vurğulayırlar ki, bu kitab respublikamızda vergi sahəsində aparılan islahatlar, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsi ilə bərabər vergiyə aid biliklərin də vətəndaşların vergi mədəniyyətinə mühüm təsir göstərdiyi nəzərə alınaraq yazılıb.
   Kitab əsasən vergi mədəniyyətinə həsr edildiyinə görə, burada bu məsələ ilə əlaqədar cəmiyyət, dövlət, iqtisadiyyat, vergilərin təkamülü, vergi tarixi, respublikamızda və bəzi xarici ölkələrdə mövcud vergi sistemləri və digər problemlər də şərh edilib. Müəlliflər bu məsələlərə aydınlıq gətirərkən tarixən inkişaf etmiş bir sıra dövlətlərin və dövlət xadimlərinin təcrübəsinə, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə, digər ədəbi abidələrə istinad edirlər. Bütün bunlar isə öz növbəsində kitabın əhəmiyyətini artırıb, onu daha oxunaqlı edib.
   Azərbaycanın vergi tarixindən söhbət açan müəlliflər eradan əvvəl və eranın ilk əsrlərində, ərəb xilafətində, Elxanilər dövründə, habelə Azərbaycan xanlarının və Azərbaycan Xalq Cümhuriyyətinin vergi növləri, eyni zamanda, Ağqoyunlu hökmdarı Uzun Həsənin əhalinin xeyrinə apardığı vergi islahatları barədə maraqlı məlumatlar veriblər.
   Kitabın «Mədəniyyət» və «Azərbaycanda vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi tədbirləri» fəsilləri bilavasitə mövzunun şərhi ilə bağlıdır.
   Müəlliflər «Mədəniyyət» anlayışının insan fəaliyyətinin müəyyən sahələrdə səviyyəsinin, inkişaf dərəcəsinin ölçüsü kimi başa düşüldüyünü qeyd edirlər. Bu ölçü isə insanın, cəmiyyətin, millətin, hətta bütün bəşəriyyətin fəaliyyətinə aid ola bilər. Buna görə də istehsal, idarəetmə, nitq, dövlətçilik, təfəkkür mədəniyyətləri ilə yanaşı, vergi mədəniyyətindən də danışmaq olar və bu, lazımdır.
   Məlumdur ki, hər bir ölkənin iqtisadi gücü, əsasən, büdcəyə daxil olan vəsaitin həcmi ilə müəyyən edilir. Büdcənin formalaşmasında isə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən vergilər mühüm rol oynayır. Hər bir şəxs qazandığı vəsaitdən qanunla qəbul olunmuş qaydada vergi ödəməlidir. Kitabın müəllifləri çox doğru olaraq göstərirlər ki, vergi intizamı və vergi mədəniyyəti olmayan ölkədə buna nail olmaq çətindir.
   Müəlliflər vergi yığımına inkişaf etmiş ölkələrdə daha ciddi yanaşıldığı və bu işdə günahkar şəxslərin cəzalandırıldığı barədə maraqlı faktlar söyləyirlər. Məlum olur ki, dünyanın ən məşhur kino ulduzlarından biri - italiyalı Sofi Loren, başqa bir italiyalı, məşhur müğənni Luçano Pavarotti, böyük kinorejissor və aktyor Çarli Çaplin vergi ödəmədiklərinə görə məsuliyyətə cəlb ediliblər. Sofi Loren vergiyə görə hətta həbs edilibmiş.
   Kitabda Azərbaycan Respublikasının vergi sistemi, habelə respublikamızda vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər barədə ətraflı məlumat verilir.
   Akif Musayev və Aslan Qəhrəmanovun «Vergi mədəniyyəti» kitabı sanballı tədqiqat işidir, ixtisasından, peşəsindən asılı olmayaraq hər bir oxucu tərəfindən maraqla qarşılanır. Vergi və mədəniyyət işçiləri ilə yanaşı, tarixçilər, etnoqraflar, iqtisadçılar və təbii ki, ali məktəblərin müvafiq fakültələrinin müəllim və tələbələri bu kitabdan faydalana bilərlər.
   
   Adilxan Bayramov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar