“Ermənistandan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləyirik”

 

Bu gün postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Biz Ermənistandan da həmin Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bunu martın 29-da Qazaxıstanın Almatı şəhərində MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının iclasında çıxışı zamanı deyib. İclas MDB PA-nın 30 illiyinə həsr olunub.

Milli Məclisin sədri əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Milli Məclisin sədri çıxışında diqqətə çatdırıb ki, MDB PA siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir.

Sahibə Qafarova çıxışında Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar haqqında da məlumat verib. Bildirib ki, Ermənistan konstruktiv yanaşma göstərməli, münasibətlərin ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı surətdə tanınması, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əsasında normallaşmasına çalışmalıdır. Bu, regionda real sülhə və sabitliyə nail olmaq üçün yeganə yoldur.

Milli Məclisin sədrindən sonra çıxış edən Ermənistan Parlamentinin sədri Alen  Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Sahibə Qafarova yenidən söz alaraq bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Milli Məclisin sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata sadiqdir. Lakin həmin Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə də Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Sahibə Qafarova həmçinin diqqətə çatdırıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.