Moldovanın “Jurnal TV” kanalında Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsindən, o cümlədən Şuşa şəhərindən bəhs olunan reportaj yayımlanıb.
Telekanalın jurnalisti Kelin Jukovskinin hazırladığı reportajda Azərbaycanın otuz il əvvəl itirilmiş ərazilər üzərində nəzarəti bərpa etdikdən sonra apardığı yenidənqurma işləri haqqında məlumat verilir.
“Bakıdan Şuşaya mikroavtobusla beş saata yaxın yol getdim. Sürücülərin naviqator olmadan belə bu yolda azmaq şansı yoxdur. Azərbaycanın paytaxtından çıxdıqdan sonra demək olar hər kilometrdə onları “Qarabağın ürəyi”nə işarə edən lövhələr qarşılayır. Şuşa 28 il Ermənistan qoşunları tərəfindən işğal altında saxlanılmış Qarabağ bölgəsinin ən böyük şəhəridir. Azərbaycan 2020-ci ildə şəhəri azad edib və bu gün burada insanlar özlərini azad hesab edirlər”, – deyə o bildirir.
Jurnalist vurğulayır ki, Şuşa şəhərinin azad edilməsinin əhəmiyyəti çox yüksək idi. Şəhər tarixinin ən zəngin və əzəmətli abidəsi Şuşa qalasıdır. Qala öz mövqeyinə görə Qarabağı tanıdır və onun nəyə qadir olduğunu göstərir.
Reportajda Şuşanın tarixindən və burada görüləcək quruculuq-bərpa işlərindən də söz açılır.