Xəbər verildiyi kimi, martın 22-23-də Pakistanın İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında qəbul edilən sənədlər sırasında Azərbaycanla bağlı 4 qətnamə də var.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sessiyada İslam dünyası ilə bağlı bir çox mövzular müzakirə edilib. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək müzakirə olunan bir sıra məsələlərə dair ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən, eləcə də Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu mövzulu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat İƏT ölkələri tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi pislənilib, azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də, ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb.
“Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər bir daha pislənilib, İƏT ölkələri münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilib. Qətnamədə həmçinin “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının yekun sənədində – “İslamabad Bəyannaməsi”ndə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək ifadə olunub.
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında silahlı münaqişənin sona çatmasını alqışlayan İƏT-in xarici işlər nazirləri Ermənistanın təcavüzündən ciddi zərər çəkmiş işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduqlarını bir daha təsdiq etdilər. Bu işlər məcburi köçkünlərin tezliklə təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədi daşıyır”, – deyə sənəddə vurğulanır.