Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib.

Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub.

İclasda iştirak edən mədəniyyət naziri Anar Kərimov Şuşa ilə bağlı təqdimatla çıxış edərək qədim və zəngin tarixə malik şəhərimiz haqqında geniş məlumat verib.

Qeyd edilib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olub. Uzun illər Qarabağ xanlığının paytaxtı olan və əsas müdafiə qalası missiyasını yerinə yetirən Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər kimi tanınıb. 17 məhəllədən ibarət şəhərdə hər məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yurdudur. 

Nazir diqqətə çatdırıb ki, 1992-ci ildən 2020-ci ilədək Ermənistanın işğalı altında qalan Şuşa şəhərində tarixi-mədəni abidələr, o cümlədən məscidlər, təhsil müəssisələri, kitabxana və muzeylər dağıdılıb, talan edilib.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Qarabağımızı, o cümlədən Şuşanı düşmən işğalından qurtarıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə, həmçinin mədəniyyət paytaxtımız Şuşada geniş bərpa-quruculuq və abadlıq işləri aparılır.

Nazir Anar Kərimovun təqdimat çıxışından sonra azad Şuşada həyata keçirilən quruculuq işlərinə və şəhərdə təşkil edilən mədəni-kütləvi tədbirlər barədə videoçarxlar nümayiş olunub.

Tarixi-mədəni zənginlikləri ilə vaxtilə dünyada şöhrət qazanmış Şuşa şəhəri gələn il “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını da layiqincə yerinə yetirəcək.