O həm də müəllim idi...
Əslən Şuşadan olan, bu şəhərdə doğulub-böyüyən, yaxud da fəaliyyətinin müəyyən mərhələsi Şuşa ilə bağlı olan, burada döyüşüb şəhidlik zirvəsinə qovuşan Milli Qəhrəmanlarımızı tanıtmaqda davam edirik. “Şuşa İli” ilə bağlı təqdim etdiyimiz “Şuşalı Milli Qəhrəmanlar” silsiləsində bu dəfə igid Vətən oğlu Sadiq Hüseynovun həyat və döyüş yolundan söz açacağıq.
Sadiq Dayandur oğlu Hüseynov 1961-ci il avqustun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1968-1978-ci illərdə doğulduğu kənddəki 1 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat ixtisasına qəbul olunub. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra məzunu olduğu kənd məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Sadiq Hüseynov 1988-ci ildə, bədnam ermənilərin ölkəmizə qarşı ərazi iddialarına başladığı vaxt işləmək üçün Şuşa Rayon Polis Şöbəsinə müraciət edir. Həmin ildən Şuşa rayonunda sahə müvəkkili vəzifəsində çalışır. 1992-ci ildə ermənilər Şuşaya hücum edəndə Sadiq digər polis əməkdaşları ilə birlikdə döyüşlərə atılır. Zarıslı, Malıbəyli, Turşsu və başqa kəndlərdə onun başçılıq etdiyi hərbi dəstənin səyi nəticəsində onlarla düşmən məhv edilir, xeyli sayda silah-sursat ələ keçirilir. 1992-ci il martın 29-da gedən döyüşlərin birində ağır yaralanan Sadiq Hüseynov yenə silahını yerə qoymur. Aprelin 13-də erməni işğalçıları Şuşanı raket atəşinə tuturlar. Həyatını hər an Vətəninə, torpağına qurban verməyə hazır olan Sadiq qəhrəmancasına şəhadətə yüksəlir.
Şuşa Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru, Milli Qəhrəmanın xidmət yoldaşı olmuş Nazim İsgəndərov onu belə xatırlayır: “Sadiq Şuşada gedən döyüşlərin hamısında iştirak edib. Salatın kəndi, Qaladərəsinin azad olunmasında xüsusi şücaət göstərib. Daşaltına hücum olan vaxt Şuşanın keçmiş polis rəisi mərhum Eldəniz Quliyevlə birgə bizi mühasirədən çıxarmaqda yaxından köməklik edib. Sadiq şəhid olan günü Xankəndinin Kərkicahan qəsəbəsində güclü döyüş gedirdi. Həmin vaxt mənə bildirdi ki, bizim sursatımız tükənir, Polis Şöbəsindən düşmənin texnikasını vurmaq üçün lazımi silah-sursatı gətirməliyik. Onu da deyim ki, Kərkicahanda biz döyüşdə olan zaman ermənilər Şuşanı “Alazan” raketləri ilə vururdular. Kərkicahanla Şuşanın arası maşın yolu ilə 8-9 km-dir. Sadiq Kərkicahan qəsəbəsinə döyüş sursatını çatdırmaq üçün Polis Şöbəsinə girdi. Mən də döyüş yoldaşlarımıza ərzaq almaq üçün şöbənin yaxınlığında olan mağazaya daxil oldum. Bu zaman ermənilər şöbəni ağır artilleriya atəşinə tutdular. Mən həmin an özümü şöbəyə yetirdim. Sadiq ağır yaralanmışdı. Mənə bildirdi ki, artıq mən ölürəm, sən qaç canını qurtar. Həmin dəqiqələrdə düşmən şöbənin ətrafını vururdu. Mən birtəhər Sadiqi götürüb, öz maşınına qoyaraq xəstəxanaya apardım... Sadiq gənc olsa da, güclü döyüşçü və qorxmaz bir insan idi...”.
Milli Qəhrəmanın döyüşçü yoldaşı Sakit Bəşirov vurğulayır ki, Şuşanın düşməndən müdafiəsində Sadiqlə birgə iştirak edib: “Onunla bağlı çox xatirələrim var. O, həqiqətən də, qorxmaz oğul idi. Sadiq bizim qəlbimizdə həmişə yaşayacaq. Artıq Sadiqin ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsində qüdrətli Ordumuz Şuşamızı, Qarabağımızı düşməndən azad etdi. Sadiqin və bütün şəhidlərimizin qanı yerdə qalmadı”.
Sadiq Hüseynov 1990-cı il dekabrın 28-də Nəzakət Bəşirova ilə ailə həyatı qurmuşdu. Ölümündən 4 ay sonra qız övladı dünyaya gəlib. Ona atasının xatirəsi yaşasın deyə Sadiqə adı veriblər. İndi qəhrəman atasının adını fəxrlə daşıyır.
Sadiq Hüseynov 1992-ci il aprelin 13-də doğulduğu Xocavənd kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd edək ki, Ağcabədi rayonundakı küçələrdən biri, bir vaxtlar oxuduğu və işlədiyi Xocavənd kənd 1 saylı tam orta məktəb hazırda Sadiq Hüseynovun adını daşıyır.
Allah rəhmət eləsin.
Nurəddin