Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edən kitab
Tanrı yoxuşu Murovdağ silsiləsindən Daşkəsənə adlayan aşırımlardan biridir. Kəlbəcər erməni quldur birləşmələrinin işğalı altına düşəndə həmin aşırımı adlamaq həyati əhəmiyyət kəsb edirdi. Amma amansız düşmən və sərt təbiətlə ölüm-dirim mübarizəsi nəticəsində qarlı-çovğunlu aşırımı adlamaq heç də mühasirəyə düşənlərin hamısına nəsib olmadı. Qarlı aşırımda yüzlərlə insan həlak oldu, itkin düşdü, donvurmadan öldü...
Əslən Kəlbəcərdən olan araşdırmaçı-jurnalist Elxan Salahovun bu günlərdə işıq üzü görən “Tanrı yoxuşu” kitabında 1993-cü ildə düşmən mühasirəsindən xilas olmağa çalışanların həyat mücadiləsindən, erməni hərbi birləşmələrinin törətdiyi müharibə cinayətlərindən real faktlar əsasında bəhs edilir.
Birinci Qarabağ müharibəsinin hələ də qaranlıq qalan səhifələri, açılmayan, araşdırılmayan, ictimaiyyətin xəbərsiz qaldığı hadisələri var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistanın silahlı qüvvələri Kəlbəcəri işğal edərkən mühasirədə qalan insanların başına gələn müsibətdir. Kitabda mühasirədə qalan əsgərlərin və dinc sakinlərin başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri şahidlərin xatirələri əsasında qələmə alınıb. Kitabın redaktoru tanınmış publisist Süleyman Qaradağlıdır.