Martın 30-da Nizami Kino Mərkəzində Braziliya Film Festivalının açılış mərasimi olub.
Festival Mədəniyyət Nazirliyi və Braziliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro çıxış edərək bildirib ki, festival Azərbaycan tamaşaçısını Braziliya cəmiyyəti və orada çəkilən filmlərlə bağlı məlumatlandırmaq üçün gözəl fürsət yaradır.
Vurğulanıb ki, nümayiş olunacaq filmlər ən çox mükafat qazanmış ekran əsərləridir. Filmlər insanlardan, onların maraq və düşüncələrindən, sevgi əhvalatlarından bəhs edir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Braziliya-Azərbaycan münasibətlərində maraqlı məqamlardan danışıb. Bildirib ki, hər iki ölkənin kino tarixi 1898-ci ildə başlayıb. Bu il Braziliya öz müstəqilliyinin 200-cü ildönümünü qeyd edir. Bu il, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu mənada Bakıda Braziliya Film Festivalının keçirilməsi hər iki ölkənin mədəniyyətinə bir töhfədir.
Festivalın ilk filminin nümayişindən əvvəl Azərbaycan Kapoeyra Federasiyasının idmançıları performans göstərib.
Sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub. Film ötən əsrin 60-70-ci illərində boks üzrə ikiqat dünya çempionu olmuş braziliyalı Eder Jofrenin bioqrafiyasından bəhs edir.
Braziliya Film Festivalı aprelin 3-dək Nizami Kino Mərkəzində davam edəcək. Festivalın proqramına 4 bədii və 1 sənədli film daxildir.