31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər təşkil olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Qəbələ Mədəniyyət Mərkəzində “Bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda rəsm sərgi təşkil edilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçirilən sərgidə 40-dək yeniyetmə və gənc rəssamın əsərləri nümayiş olunub.

Ağdaş RMİ Ağdaş rayon MKS-nin oxu zalında keçirilən anım tədbirində 1918-ci ilin mart soyqırımı ilə bağlı videomateriallar nümayiş etdirilib. Sonra “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisinə baxış olub.

Sabirabad RMİ Hacıqabul rayon Atbulaq, Qızılburun, Navahı, Rəncbər, Qubalıbaloğlan kənd, Navahı, Pirsaat qəsəbə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Günündə Qubalıbaloğlan kəndində yerləşən türk şəhidliyində məzarlığında anım mərasimi keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Lənkəranda da soyqırımı qurbanlarının xatirəsi anılıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, idarənin tabeliyində fəailiyyət göstərən müəssisələrin əməkdaşları, qazilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək qərənfil dəstələri düzüb soyqırımı qurbanlarını yad ediblər.

Sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” adlı tamaşa təqdim olunub. “Şuşa İli” çərçivəsində hazırlanan və Vətən müharibəsində Zəfərimizə həsr olunan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Səhnə əsərində əsas rolları teatrın gənc aktyorları Səyyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa edirlər.

Nurəddin