Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov 30-31 mart tarixlərində Türkiyənin Bursa şəhərində “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi açılış mərasimində və TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının fövqəladə iclasında iştirak edib. Anar Kərimov səfər çərçivəsində Bursada bir sıra görüşlər də keçirib.
Nazir martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yeni Baş katibi vəzifəsinə seçilən Sultanbay Raev ilə görüşüb.
Görüş zamanı TÜRSKOY-un türk xalqları arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub.
Mədəniyyət naziri Sultanbay Raevə yeni vəzifəsində uğurlar arzulayaraq onun Türk dünyasının mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib.
Sultanbay Raev də nazirə təşəkkür edərək Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidən qurulmasının önəmindən də danışaraq bildirib ki, bunu etməklə biz Şuşada türk mənəviyyatını da dirçəldərik.
***
Nazir Anar Kərimov Bursada Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə də görüşüb.
Görüş zamanı türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açılıb.
Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə müzakirələr aparılıb. Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.