Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşəbbüs irəli sürüb

 

Türk əməkdaşlıq təşkilatları olaraq bir-birimizin yanında olmağa çalışırıq və hər zaman bir-birimizə dəstək verməyə hazırıq. İndi yenidən gözəl Bursadayıq. Osmanlı İmperatorluğunun ilk paytaxtı Bursanın hər daşında bu qədim və qüdrətli dövlətin möhürünü hiss edirik. Eyni zamanda müasir Bursanın mədəni və sosial inkişafı bizi çox sevindirir. Hesab edirəm ki, 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ünvanı türk memarlığının sənət əsərləriylə, Zeki Mürenin, Muzeyyen Senarın mahnılarıyla, İbrahim Balabanın rəsmləriylə, adət-ənənələriylə, mətbəxi və digər mədəniyyət nümunələri ilə zəngin Bursanın bənzərsizliyini ortaya çıxaracaq və burada Türk dünyasının mədəni birliyinə həsr olunmuş bir çox tədbirlər keçiriləcək.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu fikirləri  TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Bursada keçirilən fövqəladə iclasında çıxışı zamanı söyləyib.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc təşkilat olmasına baxmayaraq, türk xalqlarının mədəni irsinin gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətini də diqqətə çatdırıb.

Fondun prezidenti 2022-ci ilin Azərbaycanda “Şuşa İli” olduğunu vurğulayaraq, Şuşa şəhərinin TÜRKSOY tərəfindən  2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsini də tarixi qərar adlandırıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bu il Bursada Şuşa Günlərinin keçirilməsini də təklif edib: “Təklif edirik ki, “Şuşa İli” ərəfəsində bu il Şuşa Günləri Bursada da keçirilsin. İnanırıq ki, insanlar təşkil olunacaq sərgilərdə, konsertlərdə və digər tədbirlərdə iştirak etməklə Şuşanın və ümumilikdə Qarabağın tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti, eləcə də otuz ilə yaxın işğala məruz qalan yaralı abidələrin taleyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Biz bunu öz üzərimizə götürməyə hazırıq”.