Aprelin 5-də Azərbaycan İstiqlal Muzeyində “Zəfərə gedən yol” adlı sərgi açılıb. Sərgi Vətən müharibəsində qazandığımız və bu gün də ruhu içində yaşadığımız möhtəşəm Zəfərin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərinin altıncı ildönümünə həsr edilib.
Sərgidə Aprel döyüşlərinin şəhidləri – Milli Qəhrəman mayor Samid İmanov, polkovnik-leytenant Raquf Orucov, baş leytenant Elnur İsgəndərov, gizir Orxan Müstəcəbov, Pəncəli Teymurov, Elimdar Səfərov, Şahin Cavadzadə, kiçik gizir Seymur Baxışov, əsgər Fəraim Novruzov, Fəxrəddin Qurbanlı, Əbdülməcid Axundov və Müşfiq Orucovun həyat və döyüş yollarını əks etdirən şəxsi əşyalar, sənədlər və fotoşəkillər – muzeyin fondlarında saxlanılan 200-dən çox eksponat nümayiş olunur.
Sərginin açılışından öncə çıxış edənlər bildiriblər ki, 2016-cı ilin Aprel döyüşləri, daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun və xalqının qəhrəmanlığını dünyaya sübut etdi.
Diqqətə çatdırılıb ki, ötən ilin oktyabrından etibarən Azərbaycan İstiqlal Muzeyinin, eləcə də yeni yaradılacaq Zəfər Muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində10 tədbir-sərgi keçirilib. Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi də bu layihənin davamıdır.
Sərgi aprelin 12-dək davam edəcək.