Müsabiqə qala-şəhərimizin gözəlliklərini dünya fotoqraflarının obyektivində göstərəcək

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa dörd fəsildə” (“Four seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya müsabiqəsi elan olunub.

Aprelin 5-də Milli İncəsənət Muzeyində müsabiqəyə həsr olunmuş mətbuat konfransı keçirildi.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri açaraq müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, “Şuşa dörd fəsildə” müsabiqəsi “Şuşa İli” münasibətilə təşkil olunur.

Mədəniyyət Nazirliyinin “Şuşa İli” ilə bağlı il ərzində bir sıra layihələr keçirəcəyini vurğulayan şöbə müdiri onlardan bir qisminin artıq reallaşdığını diqqətə çatdırdı: “Nazirlər Kabineti tərəfindən “Şuşa İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər planına əsasən, il ərzində Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Natəvan ədəbi festivalı və Şuşada ədəbi məclislər keçiriləcək. Həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi qala-şəhərimizin qədim və zəngin mədəni irsinin təbliğinə də öz töhfəsini verəcək”.

Məryəm Qafarzadə nazirliyin həyata keçirdiyi “Danışır Şuşa!”, “Şuşa mədəniyyətinin inciləri” layihələri haqqında da fikirlərini bölüşdü.

Nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək layihə haqqında geniş məlumat təqdim etdi. Diqqətə çatdırdı ki, layihədə dünyanın ən məşhur fotoqrafları – Almaniyadan Hannes Becker, Türkiyədən Hüseyin Taşkın, Finlandiyadan Tiina İtkonen və İsveçrədən Reto Guntli iştirak edəcək: “Layihənin kuratoru Angelo Bucarelli İtaliyanın məşhur rəssam və fotoqrafıdır. Layihə çərçivəsində yerli gənc fotoqraflar üçün ustad dərsləri də nəzərdə tutulub. Seçilən gənc fotoqraflar dəvət edilən 4 əcnəbi fotoqrafla birlikdə Şuşada çəkilişlərdə iştirak və təcrübə keçmək hüququ qazanacaq. İlk olaraq yaz aylarında Türkiyədən olan fotoqrafın gəlişi nəzərdə tutulub. Fotoqrafların hər birinə öncədən Azərbaycan və Şuşanın tarixi, mədəniyyəti haqqında məlumat verilib. Layihənin keçirilməsində əsas məqsəd Şuşa şəhərinin daha geniş miqyasda təbliğ edilməsidir”.

Layihənin kuratoru Angelo Bucarelli Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinə belə bir təşəbbüsə görə təşəkkür etdi. Bildirdi ki, layihədə fotoqraflar Şuşaya müxtəlif aspektlərdən yanaşaraq öz düşüncə və baxışlarını ortaya qoyacaqlar: “Dünyanın 4 fotoqrafının 4 fəsildə seçilməsi də təsadüfi deyil. Bu layihədə biz müxtəlif kontentlərdə yaşayan, düşünən sənət adamlarının Şuşaya baxışını ortaya qoymaq niyyətindəyik”.

İtalyan fotoqraf qeyd etdi ki, Qarabağı dünyada təbliğ etmək istəyi təsadüfi yaranmayıb. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi bütün dünyanı təsirləndirib: “Biz müasir dünyada yaşadığımız üçün şəkillər vasitəsilə kontenti beynəlxalq aləmə çatdırmağı daha məqsədəuyğun hesab edirik. Çünki dünyada baş verənlərə fotolar üzərindən baxmaq daha maraqlıdır. Biz Şuşanı 4 fəsildə təqdim etməyi qərara aldıq. Ümumilikdə 120 foto nəzərdə tutulub. Şəkillər toplandıqdan sonra kataloq halında dərc ediləcək, layihənin məxsusi veb-saytı yaradılacaq. Daha sonra fotolar müxtəlif ölkələrdə sərgilənəcək. Azərbaycanın Mədəniyyət Nazirliyi bu şəkillərdən istədiyi formada istifadə edə biləcək”.

Mətbuat konfransının sonunda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.

Lalə Azəri