Aprelin 5-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, həyata keçiriləcək birgə layihələrin perspektivlərindən söhbət açılıb.
Nazir Anar Kərimov Avropa Şurası ilə ölkəmiz arasında birgə fəaliyyətin əhəmiyyətini xüsusi qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü üzrə 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
Ölkəmizin 2021-ci ildə irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında da söz açan Anar Kərimov bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir bu qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini dilə gətirib.
Qəbula görə təşəkkürünü bildirən Mariya Peyçinoviç Buriç Azərbaycanın mədəniyyət sahəsində həyata keçirilən təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib, ölkəmiz tərəfindən irəli sürülən qlobal layihələrə Avropa Şurasının dəstəyini ifadə edib. Baş katib Avropa Şurası və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planının mədəniyyət sahəsində də gələcək əməkdaşlığa dair öz töhfəsini verəcəyinə əminliyini qeyd edib.
Görüş qarşılıqlı maraq doğuran layihələr ətrafında fikir mübadiləsi ilə davam edib.