“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
Azərbaycanda yaşayan yəhudi icması üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etməsi və şücaət göstərməsi ölkəmizdə ehtiramla qeyd olunur.
Prezident İlham Əliyev bu fikri aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edərkən söyləyib.
Prezident əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən İlham Əliyev İsraildə Azərbaycanın ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və turizm mərkəzinin açılmasının önəmini diqqətə çatdırıb. Prezident həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib.
İqtisadi sahədə əlaqələrə toxunan dövlət başçısı Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu deyib. Prezident Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, qeyd edib ki, İsrail şirkətləri də ölkəmizdə bu sahəyə maraq göstərir və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensial var. Dövlət başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğulayıb.
Bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu diqqətə çatdıran nazir deyib: “İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir...”. O, ümidvar olduğunu bildirib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar uğurlu olacaq və regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcək.
Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə iştirak etməkdə maraqlı olduqlarını deyib.