Aprelin 6-da Nizami Kino Mərkəzində latviyalı rejissor İnara Kolmanenin “Bille” filminin təqdimatı keçirilib. Təqdimat Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib, rejissorun filmlərinin əhəmiyyətindən bəhs edib.
Bakıya ikinci dəfə səfər etdiyini bildirən İnara Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.
“Sizin şəhərinizi sevirəm. Yenidən Bakıya gəldiyim üçün çox şadam. Ümid edirəm ki, “Bille” filmi də sizin xoşunuza gələcək. Film yeddiyaşlı Bille adlı balaca qızın həyatından bəhs edir. Filmdə qadınlara, sülhə və azadlığa yer verilib”, - deyə rejissor qeyd edib.
Sonra film nümayiş olunub.