Növbəti nümayiş yubileyə həsr edilib

 

Aprelin 30-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu “ operasının ilk tamaşasının 85 illiyi tamam olur.

“Koroğlu” operası Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri kimi yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.

“Koroğlu”nun aprelin 30-da Opera və Balet Teatrında növbəti nümayişi operanın 85 illiyinə həsr olunacaq.

Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Ramil Qasımov ifa edəcək.

Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Xalq artistləri Əli Əsgərov (Vəzir), Əkrəm Poladov (Alı), Fidan Hacıyeva (Xanəndə qız) və başqaları çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.