Azərbaycan

 

9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.

9 aprel 1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.

9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır.

9 aprel 2000 – Bakıda, Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və burada şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı keçirilib.

 

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yağır”, “Hardasan, ay subaylıq?!”, “Həmişəxanım” komediyalarının müəllifidir.

10 aprel 1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.

10 aprel 1930 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.

10 aprel 1939 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 – 11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 aprel 1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.

 

11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

11 aprel 1908 – Məşhur paleontoloq alim, akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) Şamaxı şəhərində doğulub. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1950-1958) olub.

11 aprel 1934 – Əməkdar incəsənət xadimi, fotojurnalist,  Yaşar Xəlilov (1934-2018) Bakıda doğulub.

 

12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

12 aprel 1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

12 aprel 2013 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib. Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

9 aprel 1821 – Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.

9 aprel 1906 – Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.

9 aprel 1933 – Məşhur fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo; 1933 – 6.9.2021) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Missisipidə həyəcan”, “Professional” və s.

 

10 aprel 1847 – Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer; 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının təsisçisidir.

10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”, “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.

10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.

 

11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.

11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

 

12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.

12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.

12 aprel 1933 – Məşhur ispan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe; 1933 – 6.10.2018) anadan olub.

Hazırladı: Vüqar Orxan