Xəbər verdiyimiz kimi, 2-3 aprel tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda I Uşaq kitab festivalı keçirildi.
Kitaba, mütaliəyə marağın artırılması və bu kimi tədbirlər xüsusi önəm daşıyır. İlk olaraq deyim ki, ölkədəki əksər kitab sərgi-yarmarkalarında, təqdimat və müzakirələrində iştirak edərkən həmişə sırf yetişən nəsillər, kitab, oxucu vərdişi formalaşacaq potensial kitab alıcıları ilə bağlı festival arzum olub və belə bir layihənin reallaşması xəbəri məni çox sevindirdi.
Ələlxüsus da proqramlarının zənginliyi, sırf ticarət maraqları ilə məhdudlaşmaması xoş idi. Bu mənada satışda, yəni alverdə canfəşanlıq edən müxtəlif nəşriyyatlar, kitab evləri ilə yanaşı, maraqlı aksiyalar da diqqət çəkirdi. Məsələn, Türkiyədən dəvət olunmuş uşaq yazıçılarının imza mərasimləri, naşirlik və ümumən uşaqların elmi-texniki zəkasını gücləndirməyə hesablanan nümayişlər yaxşı hal idi.
Bundan başqa, festivalda nağıl, tamaşa saatlarının (həvəskar səviyyədə) təşkil olunması, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüşlər say etibarilə yetərli idi.
Amma təəssüf ki, bu dəfə də “Dad yarımçıq əlindən” deyib gileysiz ötüşə bilmirik.
Qeyd edim ki, “Passaj-1901”də – yəni qapalı məkanda baş tutan kitab bayramı üçün yer seçimi münasib deyildi. Birincisi ona görə ki, pandemiya şəraiti və qonaqların daha çox uşaqlardan ibarət olduğu nəzərə alınmalı idi.
İkincisi, nəşriyyat və kitab evləri, ayrı-ayrı müəlliflər və yaradıcı insanların stendlərində kifayət qədər qarışıqlıq, ümumi ideya və mərama (məsələn, “Öz kitabını sat” stendində bəzi aidiyyəti olmayan çap məhsulları da gözə dəyirdi) uyğun olmayan nümunələr də vardı. Bu mənada ara-sıra uşaqlar üçün yazmayan müəlliflər, profili uşaq naşirliyi olmayanlar da boy göstərirdilər.
Xalqımızın “Həm ziyarət, həm ticarət” kimi gözəl bir deyimi var. Yəni əvvəl gəz, sonra al. Təbii ki, bu ziyarətin də kökündə ticarət durur və oradakı mütləq əksəriyyət naşirlərin, kitab evləri və mağazaların, müəllif və menecerlərin məqsədi məhsullarını satmaq, daha çox qazanc əldə etmək idi. Amma bunu gözəl təşkil etmək var ikən “ondan yox, gəl məndən al” səviyyəsində nümayişə, bazarlığa nə hacət? Yaxud aldadıcı reklamlar, artıq kağız olaraq təkrar emala gedəcək vəziyyətdəki çap məhsullarını alıcıya sırımaq, aktuallığını, mövzu əhəmiyyətini və poliqrafik keyfiyyətini çoxdan itirmiş kitabçaları çətinliklə alıcı tapmış daha bahalı kitablarının paketinə qoymaq nə dərəcədə marketinqə hesablanmış addımdır?
Bu məqamda kitabların qiymət məsələsinə də nəzər salaq. Əksər nəşriyyatlarımızın, uşaq kitabı naşirlərimizin əsas gileyi çap məhsulunun qiymətidir. Elə alıcıların da. Naşirlər israrla ən bahalı, keyfiyyətli materiallardan (kağız, rəng, sap və. s) istifadə etdiklərini deyirlər. Alıcılar isə, əksinə, ucuz və kimyəvi baxımdan ziyanlı, aşağı keyfiyyətli xammal əsasında ərsəyə gələn nümunələrin bahalığından söz açırlar.
Müşahidələrimə əsasən deyə bilərəm ki, bəli, bir çox kitablar, xüsusən də uşaq və yeniyetmələr üçün elmi-populyar nümunələr daha baha idi. Bədii ədəbiyyat, daha çox da aşağı yaş qrupu uşaqlar üçün nümunələr də əsas etibarilə bazara uyğun deyildi. Əlimə aldığım bir çox kitabda (daha çox 6-12 yaş qrupu üçün) mövzu və mətnlər köhnə, imitasiya və birbaşa plagiat olduğundan üzərində çox dayanmaq istəmirəm...
Düşünürəm ki, naşirlər məhz bu məsələlər – tələb-təklif, yerli və xarici müəlliflərlə müqavilə ilə iş, tərcümə nümunələrində peşəkarlarla əməkdaşlıq, illüstrativ kitablarda artıq köhnəlmiş qrafika və kütləviləşmiş formalardan çox rəssamlarla fərdi əməkdaşlığa maraq, kitabların texniki tərtibatına və bədii redaktəsinə mütəxəssislərin cəlbi kimi üzərində ciddi dayanmalı və sahənin inkişafına birbaşa təsir edən bu kimi məsələlərə diqqət ayırmalıdırlar. Yalnız bundan sonra arzuolunan satışdan danışmaq mümkündür.
Kitabların bədii səviyyəsi – tərtibat və redaktəsi də mübahisə predmetidir. Müşahidə etdiyim bir neçə məktəbli təzəcə aldıqları kitabları dizləri üstünə qoyub kökələrindən yeyə-yeyə həyəcanla oxumağa başladılar. Aradan 3-4 dəqiqə keçməmişdi ki, “Aa, kitabda səhv yazıblar!”, “Burda hərfi “yeyiblər!”, “Multfilmi daha maraqlı idi!” kimi gileylər baş qaldırdı.
Çal-çağırın arasından sıyrılıb uşaqlara rəsm çəkmək üçün ayrılmış masaların yanına keçdim. Balacalardan çox böyüklərin boya, kağız, qələm, fırça həngaməsi olan-qalan həvəsimi də öldürdü. Buna kitab stendləri ilə az qala eyni sayda olan ayaqüstü yeyib-içmə sıralamasını da əlavə edəndə beynimdə belə bir təəssürat yarandı: bütün mənəvi qidalarımız qab-qacaq cingiltisiz ötüşmür...
Bütün hallarda, ikigünlük də olsa, uşaqlara qapalı məkan daxilində sərbəst əylənmək, tamaşaçı və alıcı vərdişi formalaşdırmaq, naşirlərə isə daha çox kitab satmaq imkanı yaradan tədbiri alqışlayır və daha yaxşı, peşəkar və sistemli fəaliyyət arzulayıram.
Həmidə Nizamiqızı