Şarl Mişel: “Bu gecə mühüm bir addım atdıq”

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı ilk toplantı aprelin sonunadək keçirilməlidir

 

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq.

Bu sözləri aprelin 6-da axşam Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın hökumət başçısı Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə müsahibəsində deyib.

Xəbər verildiyi kimi, aprelin 6-da Brüsseldə üçtərəfli görüşdən öncə Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyan ilə təkbətək görüşləri də olub.

Prezident İlham Əliyev Şarl Mişel ilə görüşdə onun Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə üçtərəfli formatda növbəti görüşün nəticəyönümlü olacağına ümid etdiyini deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub. Söhbət əsnasında regional təhlükəsizliyə dair fikir mübadiləsi də aparılıb.

Prezident İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyan ilə görüşü işçi nahar formasında gerçəkləşib.

Sonra jurnalistlərin qarşısına çıxan Şarl Mişel üçtərəfli görüşün yekunları barədə açıqlama verib.

Avropa İttifaqı Şurasının Prezidenti görüşün səmərəli keçdiyini və birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verildiyini bildirib: “Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.

Sülh sazişinin imzalanmasının nə qədər çəkəcəyi barədə suala cavabında Şarl Mişel deyib: “Bunu proqnozlaşdırmaq çətindir. Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meyilli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var”.

Jurnalistlərin eyni xüsusda daha bir sualına cavab olaraq Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb ki, bu gecə biz düzgün istiqamətdə mühüm bir addım atdıq. “Əminəm ki, bu gecə biz düzgün istiqamətdə mühüm bir addım atdıq. Əlbəttə, bu, hər şeyin həll olunduğu anlamına gəlmir. Lakin bu o deməkdir ki, biz irəliləyişə nail olmuşuq. Çünki biz ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün, ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük”, – deyə o bildirib.

Media mənsublarının təkrarən sülh sazişinə doğru “proses başlayıbmı” sualına cavab lakonik olub: “Proses bu gecə başlayıb”.

***

Daha sonra üçtərəfli görüşün nəticəsinə dair Şarl Mişelin rəsmi bəyanatı yayılıb.

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə sadiqdir.

Bildirilir ki, liderlər 2021-ci ilin dekabr ayında Brüsseldə keçirilmiş son görüşdən və 2022-ci ilin fevral ayında Prezident Makronun iştirakı ilə videokonfransdan sonra hadisələrin inkişafını və tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı irəliləyişi nəzərdən keçiriblər. Həmçinin tərəflər arasında bu yaxınlarda baş vermiş gərginliklər müzakirə edilib və 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurəti qeyd olunub. Ermənistanın və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin Brüsseldə Avropa İttifaqının himayəsi altında 2022-ci il martın 30-da keçirilmiş görüşü alqışlanıb və liderlər səviyyəsində əldə olunmuş razılıqların müvafiq şəkildə inkişaf etdirilməsi ilə bağlı bu fəaliyyətin davam etdirilməsinin zərurətinə dair razılığa gəlinib.

 

Avropa İttifaqı minatəmizləmə, bərpa və yenidənqurma işlərinə dəstək olacaq

 

Şarl Mişel etimadı və dinc birgə yaşayışı təşviq etmək məqsədilə hər iki tərəfdən humanitar jestlərin əhəmiyyətini qeyd edib. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğulayıb və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirib. Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaq.

Bəyanatda həmçinin iki ölkə arasında bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə olunduğu diqqətə çatdırılır.

Bildirilir ki, hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası zəruri olacaq. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi Bəyanatına (Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli görüş – red.) müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub. Birgə Sərhəd Komissiyasının mandatına aşağıdakılar daxil olacaq:

1. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası.

2. Sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi.

Şarl Mişel qeyd edib ki, qüvvələrin müvafiq məsafədə olmasının təmin edilməsi insident və gərginliklərin azaldılmasının əhəmiyyətli elementidir. O, Avropa İttifaqının məsləhət və dəstək təmin etməyə hazır olduğunu bir daha bildirib.

Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını da müzakirə ediblər. Prezident Mişel dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışlayıb, Ermənistanı və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv üsullar tapmağa dəvət edib. Vurğulayıb ki, Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazırdır.

***

Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub.

Bunu isə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell rəsmi “Twitter” hesabında bildirib.

“Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”, - deyə Cozep Borrell qeyd edib.

Rusiya da Azərbaycan və Ermənistanın sülh danışıqları prosesinə başlamaq qərarını müsbət qiymətləndirir.

Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

D.Peskov deyib: “Aydındır ki, bu, çox sürəkli prosesdir, lakin belə bir sənədin imzalanmasına doğru irəliləyiş özlüyündə müsbət faktdır və alqışlanır”.