“Molla Nəsrəddin”in nəşrə başlamasının ildönümünə həsr olunan tədbir keçirildi

 

Həyat və yaradıcılığını xalqımızın maariflənməsi, milli məfkurənin formalaşması və tərəqqisi işinə həsr edən və dönməz mübariz kimi özündən sonra gələn böyük bir ədəbiyyatçılar, maarifçilər nəslinin yetişməsinə rəvac verən imza kimi Mirzə Cəlil bizim bədii düşüncəmizdə öz uca məqamındadır.

Bu mənada onun daim müasir, daim maarifçi və daim xəlqi olan yaradıcılıq nümunələri, məhsuldar, fədakar, xidmətləri arasında, sözsüz ki, yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalının ayrıca yeri var.

Aprelin 7-də ilk nömrəsi ilə, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” tarixi xitabı ilə oxucuların görüşünə gələn müsəlman Şərqinin ilk karikaturalı satirik jurnalı “Molla Nəsrəddin”in (1906-1931) yaranmasının 116 ili tamam oldu.

Bu münasibətlə ədibin Bakıdakı mənzil-muzeyində “Molla Nəsrəddin” – 116” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin böyük elmi işçisi, direktor vəzifəsini icra edən Yeganə Məmmədova açaraq böyük ədibin irsinin istər tədqiqatçılar, istərsə də sadə oxucular tərəfindən daim maraqla qarşılandığını dedi.

Qeyd etdi ki, “Molla Nəsrəddin” jurnalı çoxəsrlik Azərbaycan ədəbiyyatının yeni mərhələsini formalaşdıran, ədəbi-ictimai fikri, milli düşüncə tərzini, ümumbəşəri dəyərləri böyük hadisəyə çevirən və yüksək müstəviyə qaldıraraq xalqa çatdıran monumental söz abidəsidir.

Sonra söz Mirzə Cəlil irsinin tanınmış tədqiqatçısı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyliyə verildi. Mirzə Cəlil ocağının onun üçün çox doğma olduğunu deyən alim böyük ədibimizlə bağlı bütün tədbirlərdə sevə-sevə iştirak etdiyini və yeni nəsillərə ədəbiyyatımızın, publisistikamızın, dramaturgiyamızın bu nəhəng siması barədə məlumatlar verməyə çalışdığını bildirdi. Akademik dedi ki, satirik mətbuatımızın zirvəsini fəth edən “Molla Nəsrəddin” jurnalı mühitin və zamanın ictimai-fəlsəfi mahiyyətini açmaqla, professional şəkildə satirik publisistika, nəsr, satirik poeziya və karikaturanı inkişaf etdirməklə Azərbaycan ədəbiyyatı tarixində yeni realist ədəbi məktəbin – mollanəsrəddinçilik təliminin əsasını qoyub. Dərgi Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə və mədəniyyətinə töhfələr verməklə yanaşı, Şərqlə Qərbin qovşağında sivilizasiyanın təşəkkülünə və təkamülünə də güclü təsir göstərib.

İsa Həbibbəyli o dövr üçün “Molla Nəsrəddin” jurnalı qədər geniş yayılan, sevilən və iz qoyan ikinci bir mətbuat orqanının olmadığını vurğuladı. Alim həmçinin Mirzə Cəlilin xalqımızın müstəqilliyi uğrunda sonadək açıq, qəti mübarizə apardığını və bu mənada daim sevgi ilə yada salınacağını diqqətə çatdırdı.

Tədbirin bədii hissəsində Yasamal rayonu 150 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Molla Nəsrəddin” jurnalında çap olunan felyetonlar əsasında səhnəciklər göstərildi.

Həmidə