Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda rayon məktəbliləri üçün mütəmadi olaraq ekskursiyalar təşkil edilir. Qoruğun direktoru Zahir Kərimov bildirib ki, növbəti ekskursiyada Çarxana kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Ekskursiya zamanı məktəblilər əvvəlcə Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.

Sonra məktəblilər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş etdirilən tarixi eksponatlarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.