Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Ekoloji İnformasiya” İctimai Birliyi tərəfindən sakinlər üçün Qarabağ iqtisadi rayonunda ekoturizm mövzusunda seminar təşkil edilib.
İctimai birliyin sədri Musa Muradlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə haqqında məlumat verib. Bildirib ki, nadir təbiət mənzərələri, səfalı yerləri, təmiz havası, mineral tərkibli şirin suları ilə zəngin olan Qarabağın böyük turizm potensialı var. Regionda ekoturizmin inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur.
Vurğulanıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərdən biri də Qarabağ bölgəsində turizmin inkişafına nail olmaqdır və bu istiqamətdə müvafiq addımlar atılır. Suqovuşanda (Tərtər rayonu) turizm kompleksinin bünövrəsinin qoyulması buna nümunədir.