Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Telman Əzimov Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) rəis müavini vəzifəsinə təyin olunub.
Aprelin 8-də idarə aparatı əməkdaşlarının və tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə keçirilən onlayn iclasda Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə Telman Əzimovu kollektivə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
İclasda çıxış edən rəis idarənin fəaliyyəti, həyata keçirilən yeni layihələr haqqında məlumat verib, “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi, informasiya məkanında aktivliyin artırılması, yeni layihələrlə regionun mədəni mühitinin canlandırılması, tədbirlərdə yeni yanaşma metodlarının tətbiqi və yaradıcı gənclərin dəstəklənməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Bundan əlavə, uşaq musiqi məktəblərində tədrisin keyfiyyətinin artırılmasının, dərsə davamiyyətin, müəllimlər tərəfindən tədris planlarının yerinə yetirilməsinin, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarının nəzarətdə saxlanılması xüsusilə vurğulanıb.