Aprelin 9-da Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə prokurorluq əməkdaşlarının ziyarəti təşkil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə tanış olan prokurorluq əməkdaşlarına milli musiqi mədəniyyətinin dəyərli nümunələri barədə ətraflı məlumat verilib.

Dövlət Teatr Muzeyində Azərbaycan teatrının inkişaf mərhələlərinin bədii-estetik xarakterini, təbiətini, ruhunu özündə əks etdirən nadir eksponatlardan bəhs olunub.

İstiqlal Muzeyində ziyarətçilər nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalarla tanış olublar.

Ekskursiya zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında təqdim edilən konsert proqramı da qonaqların marağına səbəb olub.

Müsbət təəssüratla başa çatan ziyarətin sonunda xatirə fotosu çəkdirilib.