Xəbər verdiyimiz kimi 6-9 aprel tarixində Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Tədbir Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşıb. AMM-dəki açılış mərasimindən sonra tədbirlər Özbəkistan Milli Kitabxanası və Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda davam edib.
Mədəniyyət günləri çərçivəsində Daşkənddəki Repressiya Qurbanlarının Xatirəsi Dövlət Muzeyində “Azərbaycan və Özbəkistan xalqlarının repressiya faciəsi: bir tarix, bir tale” adlı beynəlxalq konfrans keçirilib.
Muzeyin direktoru, professor Bəxtiyar Xasanov qurumun tarixi haqqında məlumat verib. Deyib ki, muzey sabiq Prezident İslam Kərimovun fərmanı ilə 2001-ci ildə yaradılıb. Özbəkistanda repressiya 1920-ci ildən başlayaraq 1950-ci illərin əvvəllərinə qədər davam edib, muzey məhz məhbusların qətlə yetirildiyi ərazidə inşa olunub.
AMM-in direktoru Samir Abbasov bildirib ki, Azərbaycanın və Özbəkistanın ziyalıları, alimlər, din xadimləri, şairlər, yazıçılar, fəal vətənsevərlər eyni taleyi yaşayıb, heç bir günahı olmadan müxtəlif bəhanələrlə Sibirə, Qazaxıstan çöllərinə sürgün olunub, güllələniblər. Azərbaycanda da 30 ildən artıq davam edən repressiyada xalqımızın genofonduna böyük zərbə dəyib.
Muzeyin aparıcı elmi işçisi, akademik Naim Kərimov deyib ki, özbək romançılığının banilərindən hesab olunan Aybek, Şuhrat, Mirzakolon İsmaili, Said Axmad, Şükrulla və digər ziyalılar “xalq düşməni” elan edilərək qətlə yetirilib.
Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, Azərbaycandan, Özbəkistandan, Türkmənistandan 100 minlərlə ziyalı, mütəfəkkir gedər-gəlməzə göndərilib. Azərbaycandan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və digərləri, Özbəkistandan Fitrat, Botu, Abdulla Qadiri, Usman Nasir – yüzlərlə bu kimi ziyalı qətlə yetirilib, ömrünü sürgündə başa vurmalı olub. Repressiya maşını soydaşımız, özbək ədəbiyyatının klassikinə çevrilən şair, “Manquberdi”, “Mirzə Uluqbəy” kimi dramlar, “Daşkəndnamə” poeması və digər əsərlərin müəllifi olan Maqsud Şeyxzadədən də yan keçməyib. Özbək alimi Xalid Səid Xocayev İstanbulda universiteti bitirib, Bakıdan Özbəkistana gəlmək istəyib və onu Vətəninə gəlməyə qoymayıblar, Bakıda qalmalı olub, bir müddət sonra burada da həbs olunaraq güllələnib. O, Mahmud Kaşğarlının “Divani-lüğəti-it türk” əsərini Azərbaycan dilinə tərcümə edib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov xalqlarımızın din, dil və mədəniyyət birliyindən danışıb. Deyib ki, ölkələrimiz arasında bütün sahələrdə münasibətlər uğurla inkişaf edir. Dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxın dostluq münasibətləri, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə öz müsbət təsirini göstərir.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, professor Şerzod Kudratxocayev deyib ki, Özbəkistanda 130-dan xalqın nümayəndəsi yaşayır. Repressiya illərində özbəklərlə birlikdə digər xalqların nümayəndələri də sürgün olunub. Azərbaycanda doğulan, Özbəkistana sürgün edilən, burada ad-san qazanan Maqsud Şeyxzadə onlardan biridir.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qeyd edib ki, 1920-ci ildən başlayaraq 1957-ci ilədək Azərbaycandan Sibirə və Qazaxıstana 250 min, təkcə Qazaxıstana isə 150 min ziyalı sürgün olunub. Onların çoxu güllələnib.
Sonra konfrans iştirakçıları Repressiya Qurbanlarının Xatirəsi Dövlət Muzeyi ilə tanış olublar.
***
Azərbaycan mədəniyyəti günlərinin daha biri tədbiri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində (DDPU) professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın AMM-in dəstəyi ilə çap olunan “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatına həsr olunub.
Tədbiri universitetin rektoru, professor Abduqaffor Kırqızbayev açaraq ali məktəbin tarixi haqqında məlumat verib. O, universitetin 1947-ci ildən böyük Nizami Gəncəvinin adını daşıdığını bildirib, Azərbaycan-Özbəkistan əməkdaşlığı və ədəbi əlaqələr haqqında söz açıb.
AMM-in direktoru Samir Abbasov bildirib ki, Türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi siması Əlişir Nəvainin adları fəxrlə çəkilir. S.Abbasov iki dahinin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu bildirib, yeni monoqrafiya haqqında məruz edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov monoqrafiyanın ötən il böyük şairlər Nizami Gəncəvinin 880 illiyi, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Heydər Əliyev adına AMM-in elan etdiyi müsabiqə əsasında ərsəyə gəldiyini bildirib.
Millət vəkili Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının məmnunluq doğurduğunu bildirib. Deputat deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə bütün Türk dünyası üzrə bu missiyanı yerinə yetirəcək.
Milli məclisin üzvü Müşfiq Cəfərov qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində multikulturalizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Bildirib ki, ötən il Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffor Kırqızbayev "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı rektora təqdim edilib.
Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və başqaları ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.
Dosent Gülbahar Aşurova kitabın çapı üçün AMM-ə təşəkkürünü bildirib, birgə əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib.