Aprelin 11-də Türkiyənin Kastamonu vilayətinin Kuzeykənd ibtidai məktəbinin 4 A sinif şagirdlərindən ibarət 21 nəfərlik heyət Ankara Esenboğa Hava Limanından təyyarə ilə Bakıya yola düşüblər. Şagird heyətini Kastomonu vilayəti Milli Təhsil İdarəsinin müdir müavini Serkan Demirkıran, Kuzeykənd ibtidai məktəbinin direktoru Ümit Yürücüoğlu, direktorun müavini Erhan Kalayçı, müəllimlər Səma İlgaz və Naim Kayıkçı müşayiət edirlər.

Qeyd edək ki, Kastamonu vilayətinin Kuzeykənd ibtidai məktəbinin 4 A sinif şagirdləri amerikalı məktəblinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə yazdığı məktubla tanış olub, onun xoş təsiri altında Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar məktublarında dövlətimizin başçısı ilə görüşmək istədiklərini və işğaldan azad olunan torpaqlarımızı ziyarəti ən böyük arzuları kimi ifadə ediblər.

Prezident İlham Əliyev türkiyəli məktəblilərin məktubuna cavab olaraq onları Azərbaycana dəvət edib.

Kastamonu vilayətinin Milli Təhsil İdarəsinin müdir müavini Serkan Demirkıran bu barədə deyib: “Şagirdlərimiz Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazdılar. Hörmətli Prezidentimiz sagirdlərimizin yazdığı məktubu dəyərləndirərək onları Azərbaycana dəvət etdi. Şagirdlərimiz bu dəvətdən çox məmnundurlar. Azərbaycan Prezidenti İlham Əliyevə çox minnətdarıq”.

Serkan Demirkıran bildirib ki, bu ziyarət şagirdlərin yaddaşındakı silinməz Azərbaycan sevgisini daha da möhkəmləndirəcək. Onlar geri döndükdə xoş ziyarət təəssüratlarını, Azərbaycan sevgisini maraqla bölüşəcəklər.

Mehparə Sultanova
Ankara